AZ

Səbinə Salmanova: Baş verən hadisə Azərbaycan – Rusiya strateji tərəfdaşlığına tamamilə ziddir

Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı son günlər həyata keçirdiyi zorakılıq və qanunsuz həbslər beynəlxalq hüquq normalarına, insan hüquqlarına və Azərbaycan-Rusiya strateji tərəfdaşlığına tamamilə ziddir.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan – Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, iyunun 27-də Yekaterinburqda baş verən hadisələr sadəcə hüquqi prosedur deyil, insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan zorakılıq aktıdır:

“Heç bir məhkəmə qərarı olmadan insanların evlərinə daxil olunması, işgəncələrə və ölüm hallarına yol verilməsi hüquq-mühafizə fəaliyyəti deyil, açıq şəkildə sifarişli hərəkətlərdir. Hesab edirəm ki, bu cür hərəkətlər iki ölkə arasında illərdir formalaşdırılmış münasibətlərin ruhuna ziddir. Biz Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurmuşuq. Lakin bu münasibətlər birtərəfli ola bilməz. Əgər bir tərəf digərlərinin vətəndaşlarına qarşı qanunsuz, zorakı və cinayətkar davranışlar nümayiş etdirirsə, bu artıq tərəfdaşlıq yox, riyakarlıqdır”.

S.Salmanova xatırladıb ki, Azərbaycan dövləti məsələyə dərhal reaksiya verib və Xarici İşlər Nazirliyi Rusiya tərəfinə diplomatik nota təqdim edib, Rusiyanın müvəqqəti işlər vəkili nazirliyə çağırılaraq izahat tələb olunub:

“Biz bu məsələnin ciddi şəkildə araşdırılmasını, cinayətdə əli olan şəxslərin məsuliyyətə cəlb olunmasını və Rusiya hakimiyyətinin Azərbaycan dövlətindən və xalqından üzr istəməsini tələb edirik. Azərbaycan vətəndaşının harada yaşamasından asılı olmayaraq hüquq və təhlükəsizliyi dövlətin birbaşa prioritetidir. Azərbaycan heç vaxt bu məsələlərdə susmayıb və susmayacaq”.

Seçilən
6
10
report.az

10Mənbələr