AZ

Rusiya polisi cinayətkar dəstə kimi davranır, Kreml isə susur Deputat

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yekaterinburqda azərbaycanlılara qarşı baş vermiş dəhşətli hadisəyə Rusiya rəsmilərinin susqunluğu Azərbaycanda ruslara aid xırda insidentlərə göstərilən həssaslıqla kəskin ziddiyyət təşkil edir.

Redaktor.az xəbər verir ki, bunu “Report”a açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentləri arasında çox yaxşı şəxsi münasibətlər mövcud olsa da, Rusiyada bəzi qüvvələr var ki, onlar bütün vasitələrlə ölkələr arasındakı əlaqələri pozmağa, körpüləri yandırmağa çalışırlar:

“Çünki artıq uzun müddətdir ki, Rusiya və Azərbaycan arasındakı xoş münasibətlər məqsədli şəkildə Rusiya tərəfindən pozulur. Təyyarə qəzasından sonra, eləcə də Azərbaycanın guya kiber hücumlar həyata keçirməsi ilə bağlı yayılan iddialar və buna paralel olaraq Rusiya dövlət kanallarında bir qrup "ekspertin" Azərbaycana qarşı nifrət dolu ifadələr işlətməsi, böhtanlar səsləndirməsi bizə bu niyyətlərin mahiyyətini açıq şəkildə göstərir.

Bu məsələlər həm Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində, həm də müxtəlif beynəlxalq ekspertlər səviyyəsində qınanıb, etiraz məktubları və bəyanatlar verilib. Münasibətlərə zərər gəlməməsi üçün çağırışlar edilib”.

Deputat bildirib ki, bu hadisələrin arxasında müəyyən planlar, məqsədyönlü yanaşmalar mövcuddur:

“Bu proseslər təsadüfi deyil və görünür ki, ali səviyyədə məlumatlılıq da var. Yekaterinburqda baş verən hadisə də bu silsilədəndir. Dövlət orqanları – hüquq-mühafizə və təhlükəsizlik strukturlarının əməkdaşları qanun çərçivəsində deyil, vəhşicəsinə davranışlarla Azərbaycan vətəndaşlarını cinayətkar kimi mənzillərindən zorla çıxarıb, onların əşyalarını, pullarını, mobil telefonlarını mənimsəyiblər. İnsanları cinayətkarlardan qorumağa borclu olan hüquq-mühafizə orqanlarının özlərinin cinayətkar dəstələr kimi hərəkət etməsi artıq təhlükəli bir tendensiyaya çevrilib. Bu heç bir halda qəbul edilə bilməz”.

V.İsgəndərov vurğulayıb ki, Rusiya Federasiyası bu qanunsuzluqlara federal səviyyədə son qoymalıdır:

“Azərbaycanın Xarici İşlər Nazirliyinin verdiyi nota və bəyanata Zaxarovanın qısa və qeyri-ciddi cavabı qaneedici deyil. Bu məsələ ilə bağlı daha geniş və əsaslandırılmış izahat verilməlidir. Bizim tələbimiz ondan ibarətdir ki, bu cinayətlərdə əli olan hüquq-mühafizə orqanlarının əməkdaşları məsuliyyətə cəlb olunmalı və barələrində cinayət işi açılmalıdır. Səbəblər isə aydındır: Azərbaycanın artan beynəlxalq nüfuzu, müstəqil xarici siyasəti və Prezident İlham Əliyevin qlobal miqyasda nüfuzunun durmadan artması. Azərbaycanın güclənməsi, dövlətimizin qüdrəti bəzi dairələrin narahatlığına səbəb olur və onlar müxtəlif üsullarla bu inkişafı ləngitməyə, zəiflətməyə çalışırlar. Bu isə açıq şəkildə qısqanclıqdır və yol verilməzdir”.

V.İsgəndərov bildirib ki, hazırda Rusiyada da xalq arasında psixoloji gərginlik, müharibədən doğan çıxılmaz vəziyyət hökm sürür:

“Bu gərginliyi azaltmaq üçün günahı başqalarında axtarmaq, xarici xalqlara qarşı təzyiq göstərmək özü bir cinayətdir. Bu cür addımlar nəticədə dövlətin özünə qarşı yönələ bilər. Biz isə bu cür gərginliyin tərəfdarı deyilik. Lakin Azərbaycan tərəfi də belə halların qarşısını almaq üçün zəruri addımlar atmaq məcburiyyətində qalacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
50
redaktor.az

10Mənbələr