AZ

Mütəllim Rəhimli: Rusiya şovinist, diskriminasiya və islamofob siyasəti aparır

BAKI, 29 iyun. TELEQRAF

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı təhlükəsizlik qüvvələrinin vəhşicəsinə və heç bir qayda-qanuna sığmayan zorakı davranışları nəticəsində soydaşlarımızın qətlə yetirilməsi, həbs edilməsi ilə nəticələnən hərəkətləri bu ölkənin yenə də şovinist, diskriminasiya və islamofob siyasəti apardığını sübut edir.

Bu sözləri Teleqraf-a açıqlamasında Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Rusiyada soydaşlarımızın qətlə yetirilməsi və zorakılığa məruz qalması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Partiya sədri hesab edir ki, işgəncə verməklə insanların qətlə yetirilməsi, reydlərin barbarcasına həyata keçirilməsi, onun əvvəlcədən dövlət qurumları tərəfindən sanksiyalaşdırıldığını və məqsədli şəkildə edildiyini göstərir: “Dili, dini, kökləri eyni olan slavyan Ukrayna xalqına qarşı qəddar siyasət yürüdən Rusiya şəhər və kəndləri yer üzündən silir, soyqırımı həyata keçirir, yaşayış məntəqələrini ən son dağıdıcı silahlarla vurur. Belə olduğu halda Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur və onun dövlət siyasətinin bir parçası olduğunu təsdiq edir”.

O, Azərbaycan vətəndaşlarının Rusiyanın 20 Yanvar faciəsi, Xocalı soyqırımının törədilməsində iştirakını, torpaqlarımızın işğalı və 30 ilə yaxın işğal altında saxlanmasının arxasında dayandığını unutmadığını xatırladıb: “Hazırda torpaqlarımızın işğalına son qoyulmasını və Ermənistanla sülh müqaviləsinin imzalanmasını həzm edə bilməyən Rusiya Azərbaycana məxsus təyyarənin vurulmasını, azərbaycanlılara qarşı ayrıseçkilik siyasətini aparmaqla özünün bütün hiddətini və iç üzünü açıb göstərir. Ukrayna cəbhəsində apardığı müharibədə kifayət qədər itkilərə məruz qalan Rusiyanın öz qonşuları, xüsusilə də, Azərbaycanla münasibətlərinin pozulmasına yönələn bu cür hərəkətləri ona fayda verə bilməz”.

“Rusiya, nəhayət anlamalıdır ki, müasir dünyada orta əsrlərə məxsus zorakılığa, quldurluğa söykənən davranış və münasibətlər sistemi ona yeni bədbəxtliklər gətirir. Buna görə də, soydaşlarımıza qarşı törətdiyi, sivil dövlət anlayışı ilə bir araya sığmayan hərəkətləri birdəfəlik dayandırmalı, günahkarları cəzalandırmalı və zərərçəkənlərə dəymiş bütün maddi və mənəvi zərərin qarşılanmasını təmin etməlidir” – Mütəllim Rəhimli bildirib.

Seçilən
1
48
teleqraf.com

10Mənbələr