“Benfika” “qartallar”ın kapitanı, 37 yaşlı argentinalı veteran mərkəz müdafiəçisi Nikolas Otamendi ilə müqaviləsinin müddətini uzadıb.
Arena.az bu barədə Portuqaliya klubunun rəsmi saytına istinadən məlumat verir.
Yenilənmiş müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Nikolas Otamendi “Veles Sarsfield”in məzunudur. Argentinalı müdafiəçi, karyerası ərzində “Portu”, “Valensiya”, “Atletiko Mineyro” və “Mançester Siti”də çıxış edib.
“Benfika” Otamendini 2020-ci ilin sentyabr ayında 15 milyon avro məbləğ müqabilində “Mançester Siti”dən tamhüquqlu əsasda “qartallar”ın düşərgəsinə qatıb.
Cari mövsümdə Otamendi 54 oyuna 8 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
Otamendinin “qartallar” üçün çıxışının ümumi mənzərəsi 232 oyun, 15 qol və 10 məhsuldar ötürmədən ibarətdir.
Otamendi “Benfika” ilə Portuqaliya çempionluğunu, Portuqaliya Liqa Kubokunu və Portuqaliya Super Kubokunu qazanıb.
Nikolas Otamendi 2009-cu ilin may ayında debüt etdiyi Argentina yığmasının heyətində 126 oyuna 7 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Müdafiəçi “albiseleste” ilə FIFA Dünya Kubokunun (2022) və Amerika Kubokunun (2021, 2024) qalibi olub.
“Transfermakt” internet-portalı 37 yaşlı argentinalı veteran mərkəz müdafiəçisinin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.
