AZ

Voronejdə azərbaycanlılara qarşı reydlərə başlanılıb

Rusiyanın Voronej vilayətində azərbaycanlılara qarşı genişmiqyaslı reydlərə və həbslərə başlanılıb.

News365.az “Teleqraf.az”-a istinadən xəbər verir ki, bunu adıçəkilən ölkənin “Новые известия” nəşri yazıb.

Bildirilib ki, Voronejdəki Alekseyevski bazarı ("Çernozemye" topdansatış bazarı) uzun müddətdir hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. İldə bir neçə dəfə burada miqrasiya sahəsində pozuntuların aşkarlanması üçün reydlər keçirilir. Yerli sakinlər mütəmadi olaraq "gəlmələrin" davranışından və antisanitariyadan şikayət etdikləri iddia olunur.

Rusiya Telegram kanalları və digər media qurumlarının yazdığına görə, bir qrup miqrant yük avtomobilinin rus sürücüsündən nəqliyyat vasitəsini ticarət məqsədilə bir neçə günlüyə saxlamağı tələb ediblər. Guya "bazar sahibləri" həmin şəxsi təhdid ediblər.

Mənbə həmin şəxslərin miqrant və azərbaycanlı olduğu iddiasını irəli sürüb.

Bildirilib ki, Rusiya Daxili İşlər Nazirliyinin Baş Miqrasiya Xidmətinin rəisi, polis general-polkovniki Andrey Kikot məsələni şəxsi nəzarətinə götürüb. İyunun 25-də Alekseyevski bazarında DİN və "Rosqvardiya" əməkdaşlarının iştirakı ilə "Qeyri-leqal-2025" əməliyyat-profilaktik tədbirləri çərçivəsində genişmiqyaslı reyd başlayıb. Rusiya DİN-in Baş Miqrasiya İdarəsinin mətbuat xidməti üç tədbirin keçirildiyini açıqlayıb.

Reyd zamanı 450-dən çox şəxs yoxlanılıb. 42 əcnəbi miqrasiya qanunvericiliyini pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib, hərbi qeydiyyata alınma haqqında 17 çağırış vərəqəsi təqdim edilib.

"Ticarət obyektinin ərazisində miqrasiya qanunvericiliyinin kobud pozuntularının dəfələrlə aşkar edilməsi səbəbindən, "Qeyri-leqal - 2025" əməliyyatının hazırkı mərhələsi dövründə sözügedən bazarda profilaktik tədbirlər qanunvericiliyin pozulmasına şərait yaradan səbəb və şərtlər tam aradan qaldırılanadək daimi əsasda həyata keçiriləcək", - Rusiya DİN-in Baş Miqrasiya İdarəsindən bildirilib.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib, Ziyəddin və Hüseyn Səfərov qardaşlarını döyərək öldürüb. Onlar tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Basqın zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.

Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Yekaterinburqda azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Rusiya tərəfinə iyunun 27-də yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.

Məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözlənti qarşı tərəfin diqqətinə çatdırılıb.

Bu gün Yekaterinburqun Leninski Rayon Məhkəməsində saxlanılan azərbaycanlılar barəsində qərar verilib. Məzahir, Ayaz və Akif Səfərovların barələrində Leninski Rayon Məhkəməsinin qərarı ilə 22 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Şahid Lalayev, Bakir Səfərov və Əhliman Gənciyev 3 günlüyünə istintaq təcridxanasına göndərilib.

Seçilən
1
29
news365.az

10Mənbələr