Layihənin ilk təlim günü uşaqlara təsviri sənət haqqında ümumi məlumat verildi. Təlimdə uşaqlara təsviri sənətin mahiyyəti, növləri və insan həyatındakı əhəmiyyəti barədə geniş məlumat təqdim olundu. Onlara rəsm, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət və digər istiqamətlər haqqında əyani və interaktiv formada izahlar verildi. Təlimçi rəsm müəllimi qeyd etdi ki, təsviri sənət sadəcə estetik zövq formalaşdırmaqla kifayətlənmir, həm də uşaqların daxili aləminin üzə çıxarılması və emosional vəziyyətlərinin sabitləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, layihə çərçivəsində təşkil edilən rəsm kursları yalnız bacarıqların inkişafı ilə məhdudlaşmır. Həmçinin art-terapiya metoduna əsaslanan bu proses uşaqların psixoloji gərginliyini azaltmaq, stresslə mübarizə aparmaq və özgüvən hissini gücləndirmək məqsədi daşıyır. Layihəyə cəlb olunmuş peşəkar psixoloq uşaqlarla fərdi və qrup şəklində iş apararaq onların cəmiyyətə inteqrasiyasına dəstək göstərir. Bu mərhələ, layihənin doqquz mövzusundan ilkini təşkil edir və növbəti mərhələlərdə uşaqlara psixoloji dəstək məqsədli və onların bilik və bacarıqlarının daha da genişləndirilməsi istiqamətində praktiki məşğələlər keçiriləcəkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31