“Moskva və Tehrana “unudun” deməyin vaxtıdır. Rusiya-Azərbaycan münasibətlərində baş verən son hadisələr heç kimi təəccübləndirməməlidir. Eləcə də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli sayt və kanalların İsrail pilotsuz təyyarələrinin guya Azərbaycan ərazisindən İrandakı hərbi obyektlərə zərbələr endirdiyinə dair yalan bəyanatları”.
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri prezidentin keçmiş köməkçisi, politoloq Eldar Namazov deyib.
“Azərbaycan dünyada həm Rusiya, həm də İranla quru sərhədinə malik olan “şanslı” yeganə ölkədir. Hər biri müstəqil Azərbaycanı öz geosiyasi planlarına təhlükə hesab edən və ölkəmizi ələ keçirib yenidən işğal etmək üçün “tarixi haqqı” olduğuna inanan iki ölkə.
Hələlik onları dayandıran yeganə şey odur ki, Azərbaycana qarşı təcavüzün hərbi-siyasi nəticələrini tam hesablaya bilmirlər. Onları birdəfəlik dayandıracaq və müstəqil varlığımızla barışmağa məcbur edəcək yeganə şey bu cür təcavüzün qeyri-mümkünlüyünün və ya çox yüksək bədəlinin konkret təsdiqidir”, - ekspert bildirib.
Eldar Namazov qeyd edib ki, biz onlara hesablamalarını tamamlamaqda və həvəslərini soyudacaq düzgün və əsaslı nəticələrə gəlməkdə kömək etməliyik:
“Sadəcə Şuşa bəyannaməsinə əsaslanaraq, onun məntiqi inkişafı çərçivəsində qərar qəbul edib, qısa zamanda bölgədəki ən böyük türk hərbi bazasını Azərbaycanda yerləşdirməliyik. Bu bazanın bir hissəsini 250 milyon əhalisi olan və nüvə silahına malik digər müttəfiqimiz Pakistan Hərbi Hava Qüvvələrinə icarəyə vermək mümkündür. Məhz bunu siyasət elmi “güc yolu ilə sülh” adlandırır. Bu, isə adi dildə Moskva və Tehrana Azərbaycanla bağlı planları üçün “unudun” demək olacaq”.