Bakı, 30 iyun, AZƏRTAC
İyulun 2-də 1601, 1602, 1701-ci qabiliyyət imtahanı komissiyaları üzrə apellyasiya müraciətlərinə baxılacaq. Belə ki, iyunun 25, 27, 28, 29 və 30-da 1601, 1602, 1701-ci komissiyalar üzrə rəsm fənnindən keçirilmiş qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya komissiyası təşkil ediləcək.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Apellyasiya komissiyası iyulun 2-də saat 09:00-dan 14:00-dək Bakı şəhəri 167 nömrəli tam orta məktəbdə (Yasamal rayonu, Şərifzadə küçəsi, 152) fəaliyyət göstərəcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə iyulun 2-də qeyd olunan binaya yaxınlaşıb ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.