AZ

Rusiyada şovinizm və diskriminasiya dalğası güclənir – ŞƏRH

Rusiya Federasiyasının Yekaterinburq şəhərində Rusiya hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı milli zəmində həyata keçirilən məqsədli hücumlar, törədilən qətllər və zorakılıq əməlləri sözün həqiqi mənasında barbarlıqdır. Son zamanlar Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın və milli ayrı-seçkiliyin ən yüksək səviyyədə olduğunu və sistemli şəkildə həyata keçirildiyini açıq göstərir və bütün bu faşist hərəkətlərin birbaşa Moskva hökuməti tərəfindən planlı şəkildə idarə olunduğu gerçəyini ortaya qoyur. Hadisələrin şahidi olmuş yerli sakinlərin və orada yaşayan soydaşlarımızın verdiyi ifadələr, vəziyyətin sadəcə spontan deyil, mərkəzdən yönləndirilən bir siyasətin tərkib hissəsi olduğunu təsdiqləyir.

Ukraynaya qarşı təcavüzkar müharibə aparan və buna görə bütün dünya tərəfindən qınanan və təklənən Rusiya üzləşdiyi insan qıtlığı problemini aradan qaldırmaq üçün ölkədəki miqrantlara qarşı müxtəlif təzyiq, şantaj və məcburetmə hərəkətləri tətbiq etmək yolu ilə onları müharibəyə cəlb etməyə çalışır. Rusiyanın Ukrayna müharibəsində üzləşdiyi insan resursu çatışmazlığı miqrantlara qarşı sistematik təzyiqləri daha da artırıb. Miqrantlar müxtəlif formalarda – narkotiklərlə şərlənərək, törətmədikləri cinayətlərə görə ittiham olunaraq, ailələri ilə təhdid olunaraq müharibəyə getməyə məcbur edilirlər. Onlara əvvəlcədən vəd olunan kompensasiyalar verilmir, qayıtdıqdan sonra isə yenidən təhdidlərə məruz qalırlar. Bu, insan haqlarının və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Yalnız miqrantlar deyil, Rusiya vətəndaşı olan, lakin milli kimliyi rus olmayan şəxslər də təqib və diskriminasiyaya məruz qalırlar. Rusiyada qeyri-rus xalqlara qarşı həmişə şovinist əhval ruhiyyə hökm sürüb, onlara qarşı diskriminasiya siyasəti həyata keçirilib və hazırda da bu siyasət davam edir. Rusiyanın bu şovinist diskriminasiya siyasətinin əsas hədəfi həm də Rusiya vətəndaşı olan müsəlman xalqlardır. Ölkədəki qeyri-rus xalqların nümayəndələrinə qarşı açıq təzyiqlər edilir, əsas etibarilə onlar Ukraynaya qarşı aparılan müharibəyə cəlb edilir. Bu, artıq tək-tək regionlarla məhdudlaşmır – demək olar ki, Rusiyanın bütün ərazilərində eyni tendensiya müşahidə olunur. Rusiya rəsmilərindən bəziləri isə bu siyasətin önündə gedərək özlərini “qəhrəman” kimi təqdim etməyə çalışırlar. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin miqrantların müharibəyə cəlb olunması ilə bağlı etirafları və açıqladığı statistika bu hadisələrin təsadüfi yox, dövlət səviyyəsində həyata keçirilən proses olduğunu göstərir.

Rusiya hökuməti nəhayət anlamalıdır ki, son iki yüz ildən çox zaman ərzində Azərbaycan xalqı Rusiyadan aldığı zərbələri unutmayıb. XIX əsrin əvvəllərində Azərbaycanı işğal edən Rusiya azərbaycanlılara qarşı həmişə irqi-milli zəmində diskriminasiya siyasəti həyata keçirib, 1918-ci ildə azərbaycanlılara qarşı soyqırım cinayətinin iştirakçısı olub, 1920-ci ilin aprelində Azərbaycanı yenidən işğal edib və Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyub, 1990-cı ilin 20 yanvar qırğınını həyata keçirib, 1992-ci ildə Xocalı soyqırımının törədilməsində və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalında əsas rol oynayıb, Azərbaycanın 20 faiz ərazisinin 30 ilə yaxın Ermənistanln işğalı altında qalmasının arxasında dayanıb.

Azərbaycan hələ də öz mülki təyyarəsinin Rusiya tərəfindən vurulması hadisəsini unutmayıb. Bu məsələdə Rusiyanın nümayiş etdirdiyi passivlik və məsuliyyətsizlik qəbuledilməzdir. Azərbaycan bu hadisəni beynəlxalq müstəviyə çıxararaq, günahkarların cəzalandırılması və kompensasiyanın təmin olunması istiqamətində səylərini davam etdirəcək. Bundan əlavə, Azərbaycan parlamentinin üzvünün Həştərxanda keçirilən tədbirə dəvət almasına baxmayaraq, Rusiya ərazisinə buraxılmaması da ikitərəfli münasibətlərdə narahatlıq doğurur və dostluq prinsiplərinə ziddir.

Rusiyada digər xalqlara qarşı şovinist əhval-ruhiyyə yeni mərhələyə qədəm qoyub. Artıq islamofobiya açıq təzyiq və repressiyalar formasında özünü göstərməyə başlayıb. Bu, xüsusilə müsəlman xalqlara qarşı açıq təqiblərin artması ilə müşahidə olunur. Kremlə yaxın olan şəxslərin, xüsusilə Vladimir Solovyov kimi şəxslərin anti-Azərbaycan ritorikası isə bu proseslərin mərkəzdən yönləndirildiyinə dair əlavə sübutlardır. Bütün bu proseslər fonunda Ermənistanda revanşist qüvvələrin fəallaşması və Koçaryan–Sarkisyan tandeminin Rusiya tərəfindən dəstəklənməsi xüsusi narahatlıq doğurur. Bu, Rusiyanın Cənubi Qafqazda yeni qarşıdurmalar yaratmaq niyyətindən xəbər verir. Proseslər göstərir ki, Rusiya regionda sabitliyi pozmaqla öz təsir imkanlarını bərpa etməyə çalışır. Azərbaycan hər zaman Rusiya ilə münasibətlərdə səmimi olub, dostluq və tərəfdaşlıq mövqeyi sərgiləyib. Biz Rusiyadan Azərbaycana və azərbaycanlılara qarşı münasibətdə şovinizm, diskriminasiya və milli ayrı-seçkilik siyasətindən əl çəkməsini, ölkələrimiz arasında hər iki ölkənin maraq və mənafelərinə uyğun bərabərhüquqlu dostluq münasibətlərinin davam etdirilməsi üçün səmimi davranış sərgiləməsini və bunun üçün lazım olan addımların atılmasını gözləyirik.

Vasif Qafarov
Milli Məclisin deputatı

Seçilən
12
50
moderator.az

10Mənbələr