AZ

Türkiyəli qonaqlar Ədəbiyyat Muzeyini ziyarət ediblər

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 30 iyun, AZƏRTAC

Türkiyə Cümhuriyyəti Ankara Universitetinin İncəsənət fakültəsində rəssamlıq texnikası ixtisası üzrə pedaqoji fəaliyyət göstərən memar və rəssam İbrahim Akıncı həyat yoldaşı, interyer memarlığı ilə məşğul olan, əslən təbrizli Səhra Pasebanla birlikdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Ədəbiyyat Muzeyinin direktoru akademik Rafael Hüseynov ilə keçirilən görüşdə qonaqlara muzeyin binasının tarixi, bu məkanın Azərbaycanın istiqlal tarixində rolu haqqında məlumat verilib. Akademik Rafael Hüseynov muzeyin ekspozisiyasının təkcə Azərbaycan ədəbiyyatının zənginliyini əks etdirilməsi baxımından deyil, həm də onun sistemli və əhatəli təqdimatı baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Qonaqlar söhbət zamanı türk xalqlarının qədim və zəngin ədəbi-mədəni irsi barədə fikirlərini bölüşüblər.

Sonra muzeyin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiqin təqdimatında qonaqlar ekspozisiya ilə yaxından tanış olublar. Qiymətli incəsənət əsərləri, xüsusilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin kətan üzərində yağlı boya ilə işlənmiş portretləri, tablolar, miniatür və illüstrasiyalar qonaqların diqqətini cəlb edib.

Rəylər və təəssüratlar kitabına ürək sözlərini yazan İbrahim Akıncı bu cür mədəniyyət ocaqlarının xalqlar arasında körpü yaratmaq baxımından əhəmiyyətli rol oynadığını qeyd edib və Ədəbiyyat Muzeyinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.

Sonda qonaqlara akademik Rafael Hüseynovun “Söz məbədi” kitabı hədiyyə olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
azertag.az

1Mənbələr