AZ

Dövlət, yoxsa özəl universitet? - Seçim zamanı nələri nəzərə almaq lazımdır?

Ali təhsil almaq istəyi demək olar ki, hər bir gəncin arzusudur və bu seçim həyatlarında mühüm yer tutur.

Lakin bu yolda gənclərin qarşısında duran əsas suallardan biri budur: dövlət universiteti, yoxsa özəl?

Bu sual ətrafında yaranan tərəddüdlər və qərarsızlıq bir çox fərqli amillərlə bağlıdır. Universitet seçimi zamanı təkcə təhsil haqqı deyil, həm də tədris keyfiyyəti, beynəlxalq imkanlar və müəllim heyəti kimi vacib məsələlər nəzərdən keçirilməlidir.

Mövzu ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Operativ Media-ya açıqlama verib.

Dövlət və özəl universitetlərdə təhsil sistemi: Oxşar və fərqli cəhətlər

Ekspert bildirir ki, Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl universitetlər eyni hüquqi-normativ baza üzərində qurulub və hər iki istiqamət üzrə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarla həyata keçirilir. Bu qəbul prosesində bərabər şərtlərin təmin olunmasına xidmət edir və ali təhsilin keyfiyyətində formal fərqlərin yaranmasının qarşısını alır.

Bununla belə, dövlət və özəl ali məktəblər arasında müəyyən fərqlər daha çox idarəetmə modeli, maliyyə mənbələri və yeniliklərə adaptasiya baxımından müşahidə olunur:

  • Dövlət universitetləri əsasən dövlət büdcəsi hesabına maliyyələşir. Bu səbəbdən təhsil haqları aşağı olur və bəzi ixtisaslarda ödənişsiz təhsil imkanı mövcuddur.

  • Özəl universitetlər isə özəl investisiyalar və təhsil haqları hesabına fəaliyyət göstərir. Bu onlara maliyyə baxımından daha çevik siyasət yeritməyə, innovativ yanaşmaları tətbiq etməyə və alternativ proqramlar təklif etməyə şərait yaradır.

Özəl universitetlərin üstünlükləri

Əmrah Həsənli qeyd edir ki, özəl universitetlər dövrün tələblərinə daha çevik reaksiya verə bilir:

  • Yeni və aktual ixtisaslar açmaq

  • Beynəlxalq universitetlərlə əməkdaşlıqlar qurmaq

  • İkili diplom və tələbə mübadilə proqramları təşkil etmək

  • Xarici dillərin tədrisinə xüsusi önəm vermək

  • Rəqəmsal texnologiyalar və innovativ tədris metodlarından istifadə etmək

  • Xarici mütəxəssisləri tədrisə cəlb etmək və beynəlxalq akkreditasiyalara yönəlmək

Dövlət universitetlərinin üstün tərəfləri

Eyni zamanda dövlət universitetləri də özünəməxsus üstünlüklərə malikdir:

  • Tarixən formalaşmış akademik ənənələr

  • Geniş tələbə kontingenti

  • Oturuşmuş elmi məktəblər və tədqiqat institutları

  • Sistemli elmi fəaliyyət və aspirantura proqramları

  • Elmi-pedaqoji kadr hazırlığında zəngin təcrübə

Ən önəmli məsələlərdən biri də müəllim heyətinin səviyyəsidir. Ekspertin sözlərinə görə, bu sahədə ciddi fərq yoxdur:

“İstər dövlət, istərsə də özəl universitetlərdə elmi dərəcəli, beynəlxalq təcrübəyə malik peşəkar müəllimlər çalışır. Bir çox tanınmış professor və dosentlər hər iki sektorda dərs deyir, elmi-tədqiqat aparır və beynəlxalq konfranslarda iştirak edir.

Bu baxımdan müəllim keyfiyyəti daha çox universitetin daxili siyasəti, elmi mühiti və akademik heyətə göstərdiyi dəstək ilə bağlıdır, hüquqi statusla deyil.

Nəticə olaraq, dövlət və özəl universitetlər arasında əsas fərqlər onların strukturunda, idarəetmə modellərində və inkişafa yönəlik strategiyalarında özünü göstərir. Hər iki növ ali məktəbin əsas məqsədi eynidir: müasir dünyanın tələblərinə uyğun, savadlı və peşəkar mütəxəssislər yetişdirmək.

Yəni tələbənin keyfiyyətli təhsil alması universitetin dövlət və ya özəl olması ilə deyil, onun təqdim etdiyi imkanlarla, təhsil strategiyası ilə və akademik heyətinin səviyyəsi ilə birbaşa bağlıdır".

Seçilən
52
50
operativmedia.az

10Mənbələr