AZ

Paytaxt yolları niyə çökür? -

Bakıda bəzi ərazilərdə yolların qəfil çökməsi ciddi təhlükə yaradır. Buna misal olaraq, yaxın günlərdə Binəqədi rayonunda bir gəncin yolun çökməsi nəticəsində kanalizasiya xəttinə düşərək həyatını itirməsini qeyd edə bilərik. Memar Cahid Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, Bakının müxtəlif ərazilərində yağış yağmasından asılı olmayaraq, yol və infrastrukturda ciddi fəsadlar müşahidə olunur: “Bakıda kanalizasiya xətlərində mövcud olan xətalar səbəbindən onların yenidən qurulması qərara alınıb. Şəhərin kanalizasiya və su sisteminin xətləri 30-40 il əvvəlki dövrdəki tələblərə uyğun olaraq qurulub. Həmin dövr üçün güclü hesab edilsə də, artıq həm istismar müddətini başa vurub, həm də üç-dörd milyondan çox əhalisi olan, ağır yüklənmiş müasir şəhərin tələblərinə cavab vermir. Yağışlı bir gündə su dolur və həmin ərazidə saatlarla qalır. Bu da onu göstərir ki, yerin altındakı sistem artıq suyu ötürə bilmir. Nəticədə üstü asfaltla örtülü olan sahələrdə çökmələr baş verir. Bu isə hər hansı bir insan və ya nəqliyyat vasitəsi üçün ciddi təhlükə yaradır”. C.Həsənov qeyd edib ki, bunun qarşısını almaq üçün kanalizasiya xətləri beynəlxalq standartlara uyğun şəkildə, tam olaraq yenilənməlidir: “Yalnız su xətlərinin çəkilib üstünə torpaq tökülüb asfalt salınması kifayət etmir. Xüsusilə qoruyucu tunellər içərisində, betonlaşdırılmış konstruksiyalar şəklində qurulmalıdır ki, üstündən ağır tonnajlı nəqliyyat vasitələri keçsə belə, xətlərin möhkəmliyi pozulmasın. Əks halda, kanalizasiya xətləri tutulduqda torpaq yuyulur, yeraltı boşluq yaranır və nəticədə asfalt üzərində çökmələr baş verir. Yeni sistemdə isə xətlər beton plitələrlə tam qorunmalı, uzunmüddətli istismar üçün dayanıqlı olmalıdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
0
1
metbuat.az

10Mənbələr