AZ

“Regionda gərginlik azalmır: Yeni geo-siyasi düzən İsrail-İran savaşının davamını qaçılmaz edir..."

Abbasəli Həsənov: “Ancaq indiki durumunda İran üçün genişmiqyaslı müharibə fəlakət olar...”
 
Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov Moderator.az-a İsrail-İran qarşıdurması, regionda baş verən geosiyasi dəyişikliklər və mümkün müharibə ssenariləri ilə bağlı geniş açıqlama verib. Səfirin sözlərinə görə, son zamanlar atəşkəsin elan olunması hələ proseslərin başa çatdığı anlamına gəlmir:
 
“Hamı düşündü ki, atəşkəs elan olundu, demək, məsələ bitdi. Amma bu, sadəlövhlük olardı. Burada məsələ təkcə atəşkəslə yekunlaşmır. Əslində bu, böyük bir layihənin – yeni bir geo-siyasi düzənin – bir mərhələsidir. Bu, təsadüfi hadisə deyil, əvvəlcədən düşünülmüş və planlaşdırılmış bir prosesin tərkib hissəsidir.”
 
Yeni Yaxın Şərq düzəni formalaşdırılır...”
 
Diplomat qeyd edir ki, qarşıda böyük dəyişikliklər gözlənilir:
 
“Məqsəd, qarşıdakı onilliklər üçün – bəlkə də 70-80 il üçün – yeni geo-siyasi vəziyyət formalaşdırmaqdır. Bugünkü Yaxın Şərq artıq dəyişəcək. Bu dəyişikliklər təbii ki, kimlərinsə maraqlarına toxunacaq, kimlərsə bununla razılaşmayacaq. Bu isə regionda yeni müharibələrin qaçılmaz olduğu anlamına gəlir.”
 
Yaxın Şərq nefti ABŞ üçün həyati əhəmiyyət daşıyır...”
 
Abbasəli Həsənov qeyd edir ki, Yaxın Şərqdəki geosiyasi maraqların mərkəzində enerji resursları – xüsusilə də neft dayanır. Onun sözlərinə görə, neft məsələsi təkcə iqtisadi deyil, həm də siyasi müstəvidə böyük rol oynayır:
 
“Neft bu prosesin əsas strateji amilidir. Neft təkcə bir enerji resursu deyil – onun dollara bağlı olması ABŞ üçün iqtisadi və siyasi baxımdan həyati önəm daşıyır. ABŞ iqtisadiyyatını ayaqda saxlayan əsas faktor dollardır. Əgər dünya dollarla ticarətdən imtina edərsə, bu, ABŞ-ın iqtisadiyyatını çökmə nöqtəsinə gətirə bilər. Nefti dollarla satmaq bu səbəbdən Amerikanın prioritetidir. ABŞ-ın özü də böyük neft ehtiyatlarına malik olsa da, Yaxın Şərq nefti bu geosistemin mərkəzindədir.”
 
Diplomat əlavə edir:
 
“Nəzərə almaq lazımdır ki, dünya neft ehtiyatlarının 55,5 faizi Yaxın Şərqin payına düşür. Və dünya neft ehtiyatlarının 13,4 faizi İrandadır. Neft ehtiyatlarına görə İran Venesuela və Səudiyyə Ərəbistanından sonra üçüncü yerdədir. Amma ABŞ prezidenti Donald Tramp Yaxın Şərqə səfəri zamanı Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ ilə təxminən 3,5 trilyon dollarlıq kontrakt bağladı. Həmin 3 ərəb dövləti bununla təhlükəsizliklərini təmin etdi.”
 
“Müharibənin davam etməsi riski yüksəkdir – tərəflər hazırlaşır...”
 
Abbasəli Həsənov bildirib ki, İsrail-İran qarşıdurması hələlik tam miqyaslı müharibəyə çevrilməsə də, gərginlik səngimir:
 
“Müharibənin yenidən davam etdirilməsi təhlükəsi realdır. İsrail bu qarşıdurmada təkbaşına nəticə əldə edə bilməyəcəyini anlayır və ABŞ-ın hərbi-siyasi dəstəyinə ehtiyac duyur. Hava hücumundan müdafiə sistemlərinə tam arxayın olan İsrail gözləmirdi ki, İranın ballistik raketlərinin 60 faizi hədəfə dəyəcək. Bu, onların güc nümayişi idi və göstərdi ki, İranın bu sahədə imkanları az deyil.”
 
“Hazırda İsrail növbəti mərhələyə hazırlaşır. ABŞ mediasında bu istiqamətdə yazılar da gedir. Tramp dövründən bəzi gizli planların mövcudluğu barədə materiallar yayılmışdı. İndi bu planların icrası ilə bağlı proseslər gedir.”
 
“İran kompromisə meyillidir, çünki hərbi vəziyyəti əvvəlki kimi deyil...”
 
Həsənovun fikrincə, İran indiki mərhələdə daha çox siyasi dialoq yolunu seçməyə çalışır. Bu isə onun hərbi hazırlığının zəifləmiş olması ilə də əlaqədardır:
 
“İran çalışır ki, məsələlər danışıqlar yolu ilə həll olunsun. Çünki indiki İran ordusu 1978-ci ildəki İslam İnqilabından əvvəlki gücdə deyil. Keçmişdə – şah dövründə – Yaxın Şərqin ən güclü ordusu İran ordusu idi və bu ordunun formalaşmasında İsrailin rolu olmuşdu. İsrail həmin dövrdə İranın təhlükəsizlik xidmətlərini və hərbi strukturunu hazırlayırdı. Məsələn, o dövrün ən qabaqcıl döyüş təyyarəsi “F-16” İranın arsenalında var idi. Səddam Hüseyn heç vaxt o dövrdə İrana hücum etməyə cəsarət etmirdi. Çünki bilirdi ki, İran ordusu onun ordusundan qat-qat güclüdür. Orada peşəkar kadrlar, təcrübəli zabitlər vardı. Amma inqilabdan sonra bu zabitlər, generallar bir-bir edam edildi. Nəticədə Səddam başa düşdü ki, İran artıq əvvəlki İran deyil və 1980-ci ildə müharibəyə başladı ki, həmin müharibə 8 ildən çox davam etdi.”
 
“İran indi eyni vəziyyətdədir...”
 
“İndi də eyni vəziyyətdir. Bu 12 günlük qarşıdurmada İran özünün 30-a yaxın yüksək rütbəli, təcrübəli komandirlərini, general və zabitlərini, həmçinin tanınmış nüvə alimlərini itirib. Odur ki, bu gün orduya rəhbərlik edən şəxslərin əvvəlki peşəkarlıq səviyyəsində olduğunu demək çətindir. Əgər İran bu vəziyyətdə genişmiqyaslı müharibəyə girərsə, bu onun üçün fəlakətlə nəticələnə bilər.”
 
“Tərəflər güc nümayiş etdirdi, amma sonda masaya oturmaq lazım olacaq...”
 
“Son qarşıdurma əslində həm də tərəflərin güc nümayişi idi. Hər biri nəyə qadir olduğunu göstərdi. İran ballistik raketləri ilə cavab verdi, İsrail hava hücumlarından müdafiə imkanlarını ortaya qoydu, ABŞ isə geo-siyasi gücünü nümayiş etdirdi. Amma bu güc nümayişindən sonra artıq hər kəs bilir ki, qarşı tərəfin hansı imkanları var. İndi isə sülh masasına oturmaq zamanıdır. İran da bunu yaxşı anlayır”, - deyə sabiq İran səfiri vurğulayıb.
 
Söhbətləşdi və təqdim etdi: Sultan Laçın
 
Seçilən
18
50
moderator.az

10Mənbələr