AZ

Anasına Bax,Qızını Al-Sözünün Dərin Mənası

Cəmiyyət yaddaşında elə kəlamlar var ki, ilk baxışda sadə görünür. Amma bir az dayandıqda, bu sözlərin arxasında yüzillərlə formalaşmış müşahidə, təcrübə və hikmətin yatdığını görürsən.
“Anasına bax, qızını al” da bu dəyərli kəlamlardan biridir.
Hətta bu söz, tanınmış sənətçilər Hurşid Yenigün və Nazan Yeşiltanın ifasında, əyləncəli bir mahnının adı da olmuşdur:
…dur bakalım
biraz orda kal,
gül ağacında ince dal
arı kovanında sanki bal,
anasına bak da kızını al…
Lakin zaman keçdikcə bu kəlam da, təəssüf ki, ya yanlış başa düşülüb, ya da məğzindən uzaqlaşdırılıb. Çox vaxt bu ifadə sadəcə fiziki görünüşlə əlaqələndirilir, bəzən də istehzalı şəkildə işlədilir. Halbuki bu sözün mahiyyəti daha dərindir:
Əgər bir insanın gələcəkdə necə biri olacağını anlamaq istəyirsənsə, onun böyüdüyü ailəyə, xüsusilə də anasına bax. Çünki “soy” sadəcə qan deyil; tərbiyədir, görgüdür, əxlaqdır, davranışdır.
Soy – Təkcə Qanla Ölçülməz
Bizdə “soy” anlayışı çox zaman yanlış anlaşılır. Elə bilirlər ki, “soylu olmaq” yalnız aristokrat, nəcabətli bir nəslə mənsub olmaq deməkdir. Əslində isə əsl soyluluq, nəsillər boyunca ötürülən dəyərlər, davranış mədəniyyəti və həyat tərzidir.
Əgər bir ailədə yalan yoxdursa, uşaq da yalan danışmağın pis bir şey olduğunu öyrənir.
Evdə kitab oxunursa, uşaq da kitabla dost olur.
Əgər evdə daim başqaları tənqid edilirsə, uşaq da fərqinə varmadan qeybəti normal qəbul edir.
Ailə birlikdə süfrəyə oturursa, paylaşmağı, gözləməyi, hörmət etməyi öyrənir.
Əgər evdə “təşəkkür edirəm”, “üzr istəyirəm” kimi sözlər işlədilirsə, uşaq üçün nəzakət bir vərdişə çevrilir.
Bu səbəbdən bu atalar sözünü belə anlamaq lazımdır:
Qız ya da oğlan fərq etməz, bir uşağın davranışları, xarakteri, əxlaqı onun böyüdüyü evin aynasıdır.
Türk xalq ədəbiyyatında da bu məntiqlə bağlı çoxlu atalar sözləri var:
Üzüm üzümə baxa-baxa qaralar.

Armud dibinə düşər.

Nə əkərsən, onu biçərsən.

Bu sözlərin hamısı “soy” anlayışını təkcə bioloji deyil, həm də mənəvi və mədəni bir miras kimi dəyərləndirir.
Ailə Tərbiyəsi Ömürlük Təsir Edir
Ailədə verilən tərbiyə, insanın bütün həyatına təsir edir. Ailəsi görgülü, anlayışlı, savadlı olan bir fərd də həmin izlə böyüyür. Bu yalnız qız uşaqları üçün deyil, oğlan uşaqları üçün də keçərlidir.
Əgər bir evdə qadın və kişiyə bərabər hörmət edilirsə, o evin övladları da bu bərabərliyi içsələşdirir.
Evində zorakılıq görən uşaq, zorakılığı problem həlli zənn edə bilər.
Evində nəzakət görən uşaq isə, küçədə yerə zibil atmağa belə utanar.
Yəni “soy” yalnız genetik bir miras deyil, bir düşüncə, bir həyat tərzidir.
Gəldiyim Nöqtə Budur…
İllərdir ətrafımda saysız-hesabsız evliliklərə şahid olmuşam. Müşahidələrim onu göstərdi ki, bir insanın uşaqlıqda böyüdüyü ev, onun evlilikdəki davranışlarına da güclü şəkildə təsir edir. Ailəsində sevgi, hörmət görmüş, məsuliyyət öyrənmiş insanlar münasibətlərində də daha sağlam ünsiyyət qura bilirlər.
Əlbəttə, istisnalar da var. Çətin şəraitdə böyüyüb, bütün bu çatışmazlıqları öz gücü ilə aşmış, çox dəyərli insanlar da var. Amma ümumilikdə götürsək, uşaqlıqda alınan ilk tərbiyə, sonradan öyrənilən bir çox şeydən daha dərin iz buraxır.
Bu müşahidələrdən belə bir nəticəyə gəlmişəm:
Evlilik yalnız iki insanın deyil, iki ailənin, iki mədəniyyətin, iki düşüncə tərzinin birləşməsidir. İlk baxışda cəlbedici görünən xüsusiyyətlər – gözəllik, zahiri cazibə, şirin danışıq – zaman keçdikcə əhəmiyyətini itirir. Geri qalan isə insanın həyata baxışı, hörmət anlayışı, danışıq dili və çətin anlarda göstərdiyi davranış olur. Və bu xüsusiyyətlərin təməli əksər hallarda ailədə qoyulur.
Son Söz Yerinə
Ona görə də bir insanı tanımağa çalışarkən, yalnız özünü deyil, haradan gəldiyini, necə bir ailədə böyüdüyünü, hansı dəyərlərlə yetişdiyini də anlamalıyıq.
Çünki yanlış bir evlilik, həyat boyu çəkiləsi ən baha başa gələn dərs ola bilər.
Bu dərsi yaşamamaq üçün isə ilk öncə baxmağı, sonra isə həqiqətən görməyi öyrənmək lazımdır.

Seçilən
13
50
veteninfo.az

10Mənbələr