Ajans.az xəbər verir ki, bu sözləri Bakı hava limanında jurnalistlərlə söhbət zamanı Seyfəddin Hüseynli Rusiyada qardaşlarının öldürülməsinə münasibət bildirərkən deyib. "Biz buraya qardaşlarımın meyitlərini qarşılamağa gəlmişik. Nədənsə Rusiya tərəfi bu vəhşiliyi etiraf etmək istəmir. İddia edirlər ki, guya ani ölüm baş verib. Dövlətimizin çevik və qətiyyəti sayəsində böyük bir faciənin qarşısı alındı. Biz dəhşətli rejimlə üz-üzə dayanmışıq. Mən dövlət başçımız başda olmaqla, dövlət stukturlarımıza, diplomatik korpus və diasporumuza minnətdarlığımı çatdırmaq istəyirəm", - deyə S.Hüseynli söyləyib. S.Hüseynli qardaşlarının meyitlərinin Bakıda təkrar ekspertizadan keçiriləcəyini qeyd edərək deyib: "Biz onlara etibar edə bilməzdik. Bu addımla faciənin miqyasını tam üzə çıxarmaq istəyirik. Dövlətimiz Rusiyanın casus şəbəkəsini bu gün ifşa etdi. Onlara qarşı münasibət də tamamilə qanunauyğundur. Bir daha sübut olundu ki, Azərbaycan dövləti hər bir vətəndaşının taleyinə biganə deyil. Bu mənim ürəyimdə su sərpdi". O əlavə edib ki, qardaşlarının hansı səbəbdən həyatlarını itirdiyi Bakıda keçiriləcək ekspertiza ilə müəyyənləşdiriləcək, məsciddə dini adətlər edildikdən sonra Ağcabədiyə aparılacaq: "Qardaşlarımın birinin öz oğullarına etdiyi vəsiyyət əsasında onların hər ikisini Ağcabədidə ata-anamızın uyuduğu qəbristanlıqda dəfn edəcəyik".