AZ

Harutyunyan və digərlərinin məhkəməsində daha nələr üzə çıxdı?

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 30-da davam etdirilib.

Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclasında əvvəlcə təqsirləndirilən şəxs Arayik Harutyunyana öz müdafiəçisi tərəfindən suallar ünvanlanıb. A.Harutyunyan suallara cavabında Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “müdafiə naziri”nə 2020-ci ildə general-leytenant rütbəsinin Ermənistan prezidenti tərəfindən verildiyini deyib.

O, qondarma rejimin “ordusu”nda (Ermənistan Respublikası silahlı qüvvələrinin silahlı birləşməsi nəzərdə tutulur – red.) belə bir qərar vermək səlahiyyətinin olmadığını deyib və əlavə edib: “Cəlal Harutyunyana general-leytenant rütbəsi Ermənistan Respublikasının prezidenti Armen Sarkisyan tərəfindən verilib. Baş nazirin təqdimatı ilə prezident bu əmri imzalayıb”.

Təqsirləndirilən şəxs hərbi cinayətlərə baxılması üçün qondarma qurumun “hərbi polisi”nin, “hərbi prokurorluğu”nun və “hərbi məhkəməsi”nin olmadığını da söyləyib: “Hərbi polis Ermənistan silahlı qüvvələrinin qurumudur. Hərbi prokurorluq da Ermənistan Prokurorluğunun tərkibində fəaliyyət göstərib. Ümumi məhkəmə proseslərinin Sünik məhkəməsində aparıldığını düşünürəm. Yəni, Qarabağda belə bir məhkəmə prosesləri aparılmırdı”.

O, vəkilinin Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan erməniəsilli şəxslərin 44 günlük müharibədən sonra Azərbaycan Respublikasına inteqrasiyası ilə bağlı sualını cavablandıran zaman orada bəzi qrupların qisasa meyilli olduğunu deyib: “Elə qruplar var idi ki, onlar çox ekstremist idilər. Onlar haqq-hesab çəkməyə (qisas almağa – red.) hazır idilər və belə hadisələr də baş verib. Elə adamlarımız olub ki, onlar çox konstruktiv idilər. Elə adamlar var idi ki, məni xəyanətdə, əməkdaşlıq etməkdə ittiham edirdilər. Amma elə bir əhali təbəqəsi də var idi ki, onlar başa düşürdülər ki, başqa alternativ yoxdur. Mənə etimad səviyyəsinin azalması nəticə etibarilə o həddə çatdı ki, mən “istefa” verdim”.

A.Harutyunyan vəkilin “İstefa”dan əvvəl sui-qəsd olubmu?” sualına belə cavab verib: “Sui-qəsd olmayıb, amma elə şeylər olub ki... Çəkilişə də düşüb, bu barədə demək istəmirəm, susmağa üstünlük verirəm”.

Müdafiə tərəfinin digər vəkili A.Harutyunyandan qondarma rejimin “rəhbəri” kimi onun tabeliyində hərbi bölmə, manqa və s. olub-olmadığını soruşub. Təqsirləndirilən şəxs isə onun tabeliyində yalnız “polis” və “milli təhlükəsizlik xidməti”nin olduğunu söyləyib.

Vəkilin “İstənilən hərbi birləşmə Ermənistan ordusunun tərkib hissəsi idi?” sualına isə “Bəli” cavabını verib.

Daha sonra təqsirləndirilən şəxs Arkadi Qukasyan tribunaya dəvət edilib. Ona Baş Prokurorluğun dövlət ittihamçısı Fuad Musayev suallar ünvanlayıb. A.Qukasyan suallara cavabında qondarma rejimin “rəhbəri” olduğu dövrlərdə orada kənd təsərrüfatı və sənaye sahəsində xırda şirkətlərin mövcud olduğunu bildirib, həmçinin nəhəng “Base Metals” şirkətinin fəaliyyəti barədə danışıb. O deyib: “Orada həmin kəşfiyyat işlərini aparan şirkət prioritet hüquq qazanırdı ki, həmin yataqları işləsin. Məsələ onda idi ki, geoloji kəşfiyyat işlərini yalnız “Base Metals” şirkəti aparırdı və bu səbəbdən o, həmin sahələri işlətmək üçün prioritet hüquq əldə etmişdi. O dövrdə həmin istiqamətdə işləmək istəyən başqa bir şirkət yox idi. Bu, yeganə şirkət idi”.

A.Qukasyan “Base Metals” şirkətinin həmin vaxt Ermənistanın işğalı altında olan Azərbaycanın suveren ərazilərində 2001-ci, yaxud 2002-ci ildən fəaliyyətə başladığını, 2012-ci ilədək Heyvalı yatağından mis çıxardığını söyləyib.

Şirkətin yatağa qoyduğu sərmayələrin məbləği ilə bağlı isə bunları deyib: “Dəqiq deyə bilmərəm, amma burada on milyonlarla sərmayə yatırılırdı. Səhv etmirəmsə, orada 2 minə yaxın işçi çalışırdı. “Büdcədaxilolmaları” da kifayət qədər böyük bir rəqəmi əhatə edirdi. Şirkətin direktoru Mkrtumyan (Artur Mkrtumyan nəzərdə tutulur – red.), sahibi isə Valeriy Mejlumyan idi”.

A.Qukasyan əldə olunan misin Ermənistana aparıldığını da qeyd edib.

Təqsirləndirilən şəxs 2012-ci ildə Heyvalı yatağında misin bitdiyini, lakin şirkətin bu və digər istiqamətlərdə fəaliyyətini davam etdirdiyini deyib.

Seçilən
8
50
publika.az

10Mənbələr