"İki fərqli silah - bir ümumi məqsəd: informasiya və enerji üzərində nəzarət..."
Çin alimləri və müdafiə sənayesi bir-birindən fərqli, lakin tamamlayıcı iki texnoloji yenilik təqdim edib: biri qlobal enerji infrastrukturlarını iflic etməyə, digəri isə insan gözü və radarlar üçün görünməyən elektron "həşərat"la səssizcə informasiya toplamağa hesablanıb.
Moderator.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.
Məlumatda deyilir ki, bu iki ixtira - qrafit bombası və mikro-PUA (pilotsuz uçuş aparatı) müasir döyüş anlayışlarını kökündən dəyişəcək potensiala malikdir.
Qrafit bombası: enerji infrastrukturuna zərbə
Çin dövlət KİV-ləri tərəfindən yayımlanan animasiyalı videoda yeni nəsil qrafit bombası təqdim olunub. Bu silah yerüstü qurğudan buraxılır və havada 90 ədəd silindrik subbomba şəklində açılır. Bu kapsullar yerə dəydikdə havaya qalxır və partlayaraq yüksək gərginlikli elektrik sistemlərində qısaqapanma yaratmaq üçün hazırlanmış kimyəvi işlənmiş karbon liflərini havaya səpir.
İxtiraçılar bildirir ki, bu bomba təxminən 10 min kvadratmetr ərazidə elektrik enerjisinin tamamilə kəsilməsinə səbəb ola bilər. Məqsəd düşmənin komanda və idarəetmə sistemlərini sıradan çıxarmaqdır. Çin Müdafiə Nazirliyinin sifarişi ilə işləyən dövlət şirkətinin hazırladığı bu texnologiya ABŞ-ın İraq və Yuqoslaviya müharibələrində istifadə etdiyi oxşar sistemlərə bənzəyir. Əsas fərq isə texnologiyanın müasirliyi və daha böyük əraziləri əhatə edə bilmə qabiliyyətindədir.
Elektron həşərat: görünməyən casus
Digər tərəfdən, Hunan əyalətindəki Çin Müdafiə Texnologiyaları Universitetinin tədqiqatçıları qanadlı, elektron bir "həşərat" - mikro-PUA nümayiş etdirib. Bu mini-dron iri bir ağcaqanad ölçüsündədir: cəmi 3 sm enində və 2 sm uzunluğunda, çəkisi isə 0,2 qramdır. Xarici görünüşü də qanadlı həşəratı xatırladır - nazik gövdə və iki qanadı var.
Bu cihazın üstünlüyü onun miniatür ölçülərindədir. Nə insan gözü, nə də radarlar onu asanlıqla müəyyən edə bilmir. O, bağlanmış obyektlərə, dağıntıların altına və ya düşmənin qərargahına sızaraq məlumat toplaya bilir. Üzərindəki mikrokameralar, mikrofonlar və sensorlar vasitəsilə görüntü, səs və hətta elektron siqnalları qeydə almaq mümkündür.
Bununla belə, ekspertlər bu mikro dronun döyüş şəraitində praktik faydası ilə bağlı skeptik yanaşır. Belə ki, cihazın ölçüsü onun uzunmüddətli uçuş və sabit rabitə imkanlarını məhdudlaşdırır. Onların fikrincə, bu cür texnologiyalar casusluq və xüsusi əməliyyatlar üçün daha uyğundur, məsələn, siyasətçilərin və ya iş adamlarının gizli izlənməsi və danışıqların dinlənməsi.
Qeyd edək ki, oxşar texnologiyalar Qərb ölkələrində də inkişaf etdirilir. Harvard Universitetinin yaratdığı "RoboBee" layihəsi və ABŞ-ın "Teledyne FLIR" müdafiə firması tərəfindən istehsal olunan "Black Hornet 4" dronu bu sahədə aparıcı nümunələrdir. Lakin Çinin hazırladığı variant görünməzliyi və həcmcə ekstremal kiçikliyi ilə fərqlənir.
Yeni nəsil hibrid müharibə dövrü
Çinin bu iki ixtirası - bir tərəfdən kütləvi enerji sistemlərini hədəfləyən qrafit bombası, digər tərəfdən isə səssiz və görünməz kəşfiyyat üçün yaradılmış elektron həşərat çağdaş müharibələrin hansı istiqamətə doğru dəyişdiyini göstərir. Bu silahlar fiziki məhvetmə deyil, informasiya və infrastrukturun iflici ilə düşməni zəiflətmə strategiyasını önə çəkir. Çin bununla yalnız texnoloji gücünü nümayiş etdirmir, həm də gələcəyin savaşında söz sahibi olmaq niyyətini açıq göstərir.