ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.
Heydər Əliyev,Ümummilli lider
I məqalə
Dost olmaq istəməyənlərə...
Ulu öndər Heydər Əliyevin yuxarıda gətirdiyimiz tarixi fikir nümunəsinin mahiyyəti, məzmunu, siyasi hədəfləri və strateji məqsədini Azərbaycana dost olmaq istəməyənlərin də dərk etdiyinə qətiyyən şübhə etmirik. Bunu həmin dairələrin indi uğurlu, müstəqil və suveren Azərbaycan Respublikası dövlətinə olan münasibətlərindən aydın hiss edirik. Ancaq həmin dairələrin məsələnin başqa bir tərəfini anlamaqda hələ də çətinlik çəkdiyinə çox təəccüblənirik. O çətinlik Ümummilli Liderin müstəqilliklə bağlı irəli sürdüyü bu tarixi tezisinin Azərbaycan xalqı üçün nə demək olduğunu ya anlamamaları, ya da anlamaq istəməmələri ilə bağlıdır. Buna görə də bir sıra məqamların üzərində yenidən dayanmaq lazım gəlir.
Qısa tarixi ekskurs
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Milli Məclisində həmin tezisi sadəcə ifadə etmədi. Bu, Ulu öndərin Azərbaycanın müstəqil Azərbaycan dövləti və böyük ölkə, güclü məmləkət uğrunda mübarizəsi proqramının təməl prinsipinin bəyanı idi. Həmin fikirdən öncəki fikir belə idi: “ömrümün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız va yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Az-çox Azərbaycan dövlətçilik ənənəsini bilən, çox xalqları özündə birləşdirən Azərbaycan xalqının siyasi, tarixi, mədəni və mənəvi-əxlaqi kodlarını dərk edən hər kəs bu iki tezisi şüurunda sintez edib, onun “semantik sahəsi”nə fikrən yüklənə bilsə, özünün psixoloji vəziyyətini sağlamlaşdıra bilər. Bunun üçün onlara çoxlu sayda faktlar təqdim edə bilərik.
1994-1995-ci illərdə Heydər Əliyev dalbadal iki böyük sui-qəsdi xalqın ciddi dəstəyi ilə qətiyyəti, mərdliyi, siyasi iradəsiylə dəf edə bildi. Siyasət və geosiyasət meydanında isə məhz həmin dönəmdə bütün dünya üçün sürpriz olan addımı atdı: “Əsrin müqaviləsi”ni imzaladı! Ermənistanın havadarları ilə atəşkəs haqqında razılığa gələ bildi! Bu proseslərdə ən çətin situasiyalarda belə, Heydər Əliyev bunkerə getmədi – həmişə xalqının gözü qarşısında oldu!
Həmin illərin sui-qəsd planlarında hansı kənar dövlətlərin əli olduğu barədə kifayət qədər informasiyalar KİV-də verilmişdir. Türkiyədə “Qərb konsepsiyası” tərəfdarları və Rusiyada “Üçüncü Roma” aşiqlərinin Azərbaycana gerçək münasibəti haqqında da məlumatlıyıq. Bunların fonunda Heydər Əliyevin iki təhlükəli dövlət çevrilişi cəhdinin qarşısını fədakarlıqla alması böyük qələbə idi!
2020-ci ilin sentyabr-noyabr ayları! Azərbaycan Respublikası tarixi Vətən savaşını verdi. Nəinki Azərbaycan Respublikasının vətəndaşları olan azərbaycanlılar, həm də dünyanın ən uzaq guşələrində yaşayan soydaşlarımız Azərbaycan Prezidentinə, dövlətinə və xalqa görünməmiş dəstək verdi. Milyonlarla azərbaycanlı İlham Əliyevə onları müharibəyə göndərməsi xahişini etdilər. Bir nəfər də olsun fərarisi olmadı Azərbaycan ordusunun. Ana və bacılarımız gözü yaşlı-yaşlı “Vətən sağ olsun!”, dedilər!
Azərbaycan Prezidenti İlham Əliyev 44 gündən əvvəl, müharibənin gedişində və ondan sonrakı dönəmlərdə bir gün də olsun bunkerə getmədi. Əksinə, İlham Əliyevin həm hərb meydanında, həm də informasiya müharibəsində verdiyi mücadiləni “cəngavər döyüşü” adlandırdılar. Asan deyildi, hər tərəfdən təzyiqlər, hədələr, sui-qəsd xəbərdarlıqları alırdı dövlət başçısı. Ancaq azərbaycanlıların öz ənənəsi var: “kişi düşmənin qabağından qaçmaz”! Bunun da kökü etnik mənsubluğundan asılı olmayaraq Azərbaycan xalqının hər bir tərkib hissəsinin tarixi-mənəvi kimliyindədir: “ailə, yurd, Vətən müqəddəsdir, imandandır, dindəndir, tarixdəndir, əcdadlarımızın əmanətidir”!
Bunlar nə təntənədir, nə də pafosdur – azərbaycanlıları bilən və tanıyanlar üçün adi, təbii və sadə həqiqətlərdir. Ancaq burada mövzu kontekstində çox mühüm bir məqam da mövcuddur.
Azərbaycanlıların siyasi mentaliteti
İndi Ulu öndərin yuxarıda vurğulanan tezisləri işığında müasir dövlətçilik tariximizdən gətirdiyimiz iki nümunənin siyasi şüura təsiri məsələsinə baxaq.
Beləliklə, Heydər Əliyev öyrədirdi və şəxsi fəaliyyəti ilə nümunə göstərirdi ki, birincisi, Azərbaycan xalqı üçün ömür sərf etməyə dəyər, ikincisi, bu əsasda Azərbaycan bütün hallarda yalnız və yalnız müstəqil olmalıdır! Heydər Əliyev dalbadal bu iki məqamın doğruluğunu sübut edən addımlar atdı. Həyatını risklərə atdı, çoxlu sayda böyük dövlətlərlə siyasi-diplomatik savaş apardı, təcavüzkarın ram edilməsi üçün böyük mücadilə verdi. Diplomatiyada elə hünər göstərdi ki, enerji strategiyamızın qarşısını almağı bacaran olmadı!
Bütün bunlar xalqa təsirsizmi ötüşdü? Belə düşünən varsa, zavallı və zəif məxluqdur. Heydər Əliyev və İlham Əliyevin dövlət başçısı və lider kimi fəaliyyət nümunələri azərbaycanlıların siyasi mentalitetinə çox ciddi təsirlər göstərmişdir. Konkret olaraq, xalq müstəqilliyi siyasi kimliyinin mərkəzində mövcud olmanın əsas şərti kimi yerləşdirmişdir!
Azərbaycanlılar üçün bu, çətin deyildir, çünki tarixi ənənədə yurdsevərlik və vətənsevərlik bir tərəfdən ailə bağlılığıyla, digər tərəfdən isə dövlət qurmaq missiyası ilə vəhdətdə mövcuddur. Azərbaycanlıların tarixi ənənəni müasir dövrün şərtləri daxilində bir daha yaddaşlarında canlandırması prosesi tam baş tutmuşdur! Bu o deməkdir ki, müstəqillik, yurdsevərlik və vətənsevərlik indi bir-birindən ayrılmaz mənəvi, ideoloji və mədəni bütövdür!
Bizə dost olmaq və obyektiv yanaşmaq istəməyən, haqqımızı-hüququmuzu tanımağı özlərinə ar bilən imperiya qafalıların anlaya bilmədiyi əsas həqiqət bundan ibarətdir! Onlar tarixi əsası olmayan və yalnız qafalarında xülya kimi qalan müxtəlif “qırmızı cizgilər” çəkə bilərlər. Lakin əsl cizgini Azərbaycan xalqı çəkir və bu zaman vaz keçməyəcəyi bir şərti ön sıraya çıxarır: Azərbaycanın müstəqilliyi əbədidir! Azərbaycanlılar vətənsevərliklə müstəqilliyi siyasi mentalitetlərinin baş tacına çevirmişlər! Azərbaycanlıların bu yolu seçmələri üçün son 200 ildə həyat çoxlu sayda faktları qarşımıza qoymuşdur.
XVIII–XIX əsrlərdə dövlətçiliyə vurulan zərbələr
Bu gün özlərindən “qırmızı cizgilər” uyduranlar üçün bir sıra tarixi faktları yenidən xatırlatmağa dəyər. XVIII əsrin başlanğıcında Rusiya imperiyası Cənubi Qafqaza can atmalarına yeni intensivlik və siyasi hiyləgərlik verdi. XVIII əsrin ortalarından onlar Nadir şahdan aldıqları zərbələr nəticəsində müvəqqəti olaraq bir qədər geir çəkildilər. Ancaq böyük dövlət başçısı və yenilməz sərkərdə olan Nadir şaha qarşı sui-qəsd (qaynağı haradan idi?) vəziyyəti dəyişdi.
Rusiya imperiyası təzyiqlərini artırmağa başladı. Artıq XIX əsrin üçüncü onilliyində (1828-ci il) Rusiya Qacarlardan Azərbaycanın şimal hissəsini rəsmən qopara bilmişdi. Bundan sonra Azərbaycan dövlətçiliyinin tamamilə sonuna çıxmaq mərhələsi başlamışdır. XIX əsr boyu ermənilərə Qərb və Rusiyadan verilən dəstək sayəsində Azərbaycan dövlətçiliyinə və azərbaycanlılara qarşı “parçala, hökm sür” prinsipi tam gücü ilə işləmişdir. 1920-ci ildə Azərbaycan torpaqları üzərində erməni dövləti yaratmaqla həmin prosesin bir mərhələsini yekunlaşdırmışlar.
Əgər məsələyə XVIII əsrdən deyil, XVI əsrin başlanğıcından baxsaq, 1920-ci ilə qədər Cənubi Qafqazda erməni dövləti olmamışdır. Ermənilər hər bir xalq kimi müxtəlif yerlərdə yaşaya bilərlər. Lakin 1500-cü ildən 1920-ci ilə qədər (400 ildən bir qədər artıq) “Ermənistan” deyilən bir qurum olmamışdır (bu da şərtidir, çünki son min ildə belə bir dövlət mövcud deyildi).
Bundan başqa, mənbələrə baxsaq, görərik ki, son bir neçə yüzildə “Ermənistan” adlı dövlət siyasi xəritədə yalnız 1920-ci ildə peyda olmuşdur. Ən azından 1501-ci ildən 1920-ci ilə qədər hər hansı adda erməni dövlətinin olduğu haqqında fakt yoxdur. “İran” dövlət adı kimi 1925-ci ildə Pəhləvilər sayəsində xəritədə mövcud olmağa başlamışdır. Ona qədər Səfəvi dövləti, Əfşar İmperiyası və Qacar İmperiyası adları altında indiki İran ərazisində dövlətlər olmuşdur (təbii ki, bu, həmin ərazinin bütün tarixini deyil, yalnız 1500-cü ildən 1925-ci ilə qədər olan müddəti əhatə edir).
Ayrıca, Azərbaycan torpaqlarının hesabına yaradılmış qondarma “Ermənistanı”ı az qala bəşəriyyət qədər qədim olan və mütləq gerçəklik kimi qələmə verməyin müsbət siyasi anlamı yoxdur. Bu, son 100 ildə regionun aborigen xalqlarının iradəsinin əksinə olaraq dünyanın imperialist dairələrinin yaratdıqları süni geosiyasi mənzərəni əbədiləşdirmək cəhdindən başqa bir şey deyildir.
Maraqlıdır ki, bu mənzərəni İran yaratmamışdır, əskinə o da Osmanlı kimi Qərb və Rusiya imperiyalarının təcavüzlərinin qurbanıdır. Səfəvi dövləti məhz onların siyasəti, ideoloji və hərbi zərbələri nəticəsində süqut etdi. Ancaq buna baxmayaraq, İranda bir sıra dairələr indi uca səslə düşmən adlandırdıqları Qərbin imperialist dairələrinin və İran torpaqlarının bir qismini işğal edən Rusiyanın maraqlarına uyğun davranmağa çalışırlar.
Təbii ki, bizə görə, istənilən dövlət özünə strateji tərəfdaş seçməkdə tam sərbəstdir. Lakin bunu tarixi gerçəklikləri təhrif etməklə reallaşdırmaq bizcə, perspektivli deyildir. Eyni zamanda, bizlər din məsələsində eyni düşərgədəyik. Əsrlərdir ki, İslamı qaralamağa yönəlmiş siyasətlə üz-üzəyik. İslamofobiyanın getdikcə daha geniş yer aldığı bir dönəmdəyik. Bu prosdeslərə qarşı ədalət və hüquqla mübarizə aparmaq zamanıdır.
Bütün bunların fonunda ayrıca Ermənistanın necə yaradıldığını unutmamalıyıq. Bu dövlətin necə yaradıldığı prosesinə qısa da olsa nəzər salsaq, gerçəkliyi anlamış olarıq. Bir neçə imperialsit dairələrin sırf ermənipərəst mövqeyi sayəsində qədim Azərbaycan torpaqları üzərində erməni dövləti yaradılmışdır. Bu bağlılıqda Ulu öndər Heydər Əliyevin 1998-ci ilin dekabr ayında “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumun iştirakçılarının böyük bir qrupu ilə görüşdə çıxışı zamanı ifadə etdiyi aşağıdakı fikirlər gerçəkliyi dolğun əks etdirir. Heydər Əliyev demişdir: “İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir. Əgər Qafqazda islam sivilizasiyası haqqında danışırıqsa, həqiqəti demək lazımdır”.
Beləliklə, Qərbi Azərbaycan haradır?
(ardı var)
Füzuli Qurbanov, XQ-nin analitiki, fəlsəfə elmləri doktoru
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.