AZ

Ermənistan nehrə kimi çalxalanır, Makrondan Bakı ilə bağlı tövsiyə

Düşmən ölkədə kilsənin və ətrafındakı militarist düşüncənin zəiflədilməsi Azərbaycan üçün geosiyasi imkanlar açır - rəy

Ermənistanda hakimiyyət-kilsə qarşıdurması fonunda həbslər davam edir. Nikol Paşinyan hökuməti sözsüz ki, bununla ilk növbədə hakimiyyəti qorumağa çalışır. Eyni zamanda onun kifayət qədər arxayın hərəkət etdiyi müşahidə olunur. Hər halda, Rusiyadan fərqli olaraq, Qərbdən kütləvi həbslərlə bağlı hər hansı etiraz, irad bildirilməyib.

Əksinə, məsələn, Fransa prezidenti Emmanuel Makron Paşinyanla bir neçə gün öncəki telefon danışığından sonra özünün X (keçmiş Twitter) hesabında etdiyi paylaşımda İrəvan hökumətinə açıq dəstəyini ifadə edib. Makron həmçinin Ermənistan baş nazirinin Azərbaycanla sülh prosesinə və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş fəaliyyətinə xüsusi diqqət çəkib: “Mən onun Azərbaycanla sülhə nail olmaq və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün göstərdiyi cəsarətli səyləri dəstəklədiyimizi bir daha təsdiqlədim. Sülh və açıq sərhədlər təkcə region üçün deyil, daha geniş coğrafiya üçün də mühüm hadisə və örnək olacaq”.

Diqqəti çəkən həmçinin Avropa Komissiyasının vitse-prezidenti, ittifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın iyunun 29-dan 30-dək Ermənistanda rəsmi səfərdə olmasıdır. Kallas da həbslərlə bağlı İrəvana heç bir irad bildirməyib.

Xatırladaq ki, Ermənistan hakimiyyəti bir neçə kilsə xadimini dövlət çevrilişinə çağırış ittihamı ilə həbs edib. Belə bir məqamda Aİ xarici siyasət komissarının İrəvana gəlişi Paşinyana siyasi dəstək kimi qiymətləndirilir.

Rəsmi Bakının qonşu ölkədəki proseslərdən əsas gözləntisi nədir? Ermənistanın “nehrə kimi çalxalanması” nə vəd edir? Bu qarşıdurmadan Paşinyan qalib çıxa biləcəkmi?

“Heç şübhəsiz Ermənistanda hökumətlə kilsə arasında yaşanan gərginlik fonunda bir sıra din xadimlərinin həbsi, cəmiyyətin daha da qütbləşməsinə səbəb olmaqla yanaşı, regionda sabitlik üçün əlavə təhdidlər yaradır. Hazırkı hadisələr Ermənistan daxilində siyasi böhranın dərinləşdiyini göstərir və bu böhranın nəticələri regiona da təsirsiz ötüşə bilməz”. Bu fikirləri “Yeni Müsavat”a deputat Vüqar İskəndərov deyib.

Vüqar

Vüqar İskəndərov

O qeyd edib ki, Ermənistan hakimiyyəti daxili təzyiqləri və narazılıqları yatırmaq üçün radikal addımlara əl atır: “Din xadimlərinin dövlət çevrilişinə çağırış ittihamı ilə həbs edilməsi bu tendensiyanın təzahürüdür”.

Deputatın sözlərinə görə, burada daha diqqətçəkən məqam Qərb dairələrinin bu hadisələrə münasibətidir: “Fransa prezidenti Emmanuel Makronun son açıqlamaları və Avropa Komissiyasının ali nümayəndəsi Kaya Kallasın həbslərə münasibətsizliyi beynəlxalq münasibətlərdə ikili standartların növbəti nümunəsidir. Əgər bu hadisələr başqa bir ölkədə baş versəydi, insan haqları və demokratiya adı altında geniş etiraz dalğası görərdik”.

V.İskəndərov vurğulayıb ki, Azərbaycan regionda uzunmüddətli sülhün tərəfdarıdır: “Ermənistanın daxilindəki qarşıdurmaların Azərbaycanla sülh prosesini pozmaq üçün bəhanəyə çevrilməsi qəbuledilməzdir. Digər tərəfdən, Paşinyan hökumətinin bu qarşıdurmadan siyasi dividentlə çıxıb-çıxmayacağı sual altındadır. Çünki Ermənistanda kilsə yalnız dini qurum deyil, eyni zamanda böyük təsir gücünə malik ictimai institutdur. Ona qarşı sərt tədbirlər cəmiyyətdə yeni parçalanmalara və daha dərin siyasi xaosa yol aça bilər”.

Azər Hüseynov 

Siyasi şərhçi Azər Hüseynov isə hesab edir ki, Ermənistanda son aylarda müşahidə olunan daxili çalxalanmaların kökündə təkcə siyasi mübarizə deyil, həm də dərin ideoloji dönüşüm prosesi dayanır: “Paşinyanın əsas məqsədlərindən biri Ermənistan cəmiyyətində onilliklərdir hakim olan militarist və revanşist əhval-ruhiyyəni sistemli şəkildə zəiflətməkdir. Bu militarist düşüncənin ən mühüm dayaqlarından biri isə erməni kilsəsidir. Kilsə, sadəcə, dini bir qurum deyil, həm də erməni millətçiliyinin ideoloji mərkəzi, tarixən Qarabağda və ümumilikdə regionda aparılmış təcavüzkar siyasətin legitimləşdiricisi rolunu oynayıb. Hazırda Paşinyan hökumətinin kilsəyə və onunla bağlı dairələrə qarşı apardığı siyasi və hüquqi təzyiqlər bu fonla izah oluna bilər. Dövlət çevrilişinə çağırış ittihamı ilə bir neçə tanınmış dini şəxsin həbs olunması təsadüfi deyil. Bu, həm daxili müxalifəti zəiflətməyə, həm də Ermənistanın siyasi-ideoloji xəttini dəyişdirməyə hesablanmış strategiyanın tərkib hissəsidir”.

Onun fikrincə, Makronun Paşinyana açıq dəstəyi və onun Azərbaycanla sülhə yönəlmiş siyasətini “cəsarətli” adlandırması bu mənada təsadüfi deyil: “Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin İrəvana səfəri və hər hansı tənqidi mövqe sərgiləməməsi də Paşinyanın regiondakı yeni qərbyönümlü transformasiya planına dolayı dəstək kimi oxunmalıdır. Qərbin bu yanaşması Ermənistan kilsəsinin və ordu daxilindəki bəzi qrupların Rusiyaya olan bağlılığı ilə də əlaqəlidir. Ermənistan cəmiyyətində hələ də təsirli olan bu dairələrin neytrallaşdırılması, faktiki olaraq Rusiyanın Ermənistandakı təsir dairəsinin daraldılması deməkdir. Bu isə Qərbin geosiyasi maraqları ilə tam üst-üstə düşür. Bu proseslərin Azərbaycana təsiri və mümkün nəticələri ciddi şəkildə təhlil edilməli və strateji yanaşma formalaşdırılmalıdır”.

A.Hüseynova görə, ilk növbədə, Ermənistan cəmiyyətində kilsənin və onun ətrafında formalaşan militarist düşüncənin zəiflədilməsi Azərbaycan üçün müsbət geosiyasi imkanlar yaradır: “Çünki Ermənistanın Qarabağa qarşı işğalçılıq siyasətinin ilhamvericisi və legitimləşdiricisi məhz bu kilsə-millətçi tandemidir. Onların zəiflədilməsi, Ermənistanın daha praqmatik və sülhpərvər siyasi kursa yönəlməsini asanlaşdıra bilər. Rəsmi Bakı bu mərhələdə iki əsas məsələni diqqətdə saxlamalıdır: birincisi, Ermənistan daxilində gedən prosesləri dəqiq şəkildə oxuyaraq regiondakı yeni siyasi balansı müəyyənləşdirmək; ikincisi isə Paşinyan hökumətinin sülh çağırışlarının real olub-olmadığını praktik addımlarla ölçmək. Əgər Ermənistan həqiqətən militarist ideologiyadan imtina yoluna qədəm qoyursa və bu kurs davamlılıq nümayiş etdirərsə, Azərbaycan da regionda dayanıqlı sülhə yönəlmiş strategiyasını daha da gücləndirməlidir. Azərbaycanın hər zaman sülh çağırışlarının tərəfdarı olduğu məlumdur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Seçilən
8
50
musavat.com

10Mənbələr