AZ

Rəşad Mahmudov: Rusiyada miqrantlara qarşı sistemli təzyiqlər və ayrıseçkilik geniş vüsət alıb

Rəşad
"Son illərdə Rusiyada müşahidə olunan siyasi, sosial və hərbi proseslər bu ölkədə milli azlıqlara qarşı sistemli təzyiqlərin və şovinist siyasətin dərinləşdiyini göstərir". 1news.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
"Baş verənlər təkcə Rusiyanın daxili sabitliyinə deyil, həm də qonşu ölkələrin təhlükəsizliyinə birbaşa təhdid yaradır. Son günlər Yekaterinburq şəhərində azsaylı xalqlara qarşı təşkil olunan reydlər və seçmə təqiblər bu proseslərin təsadüfi deyil, mərkəzdən idarə olunan bir siyasətin tərkib hissəsi olduğunu göstərir. Yerli sakinlər və azərbaycanlı icmasının nümayəndələri bildirirlər ki, hüquq-mühafizə orqanları miqrantlara qarşı zorakı davranışlara və seçmə təzyiqlərə yol verirlər". Rəşad Mahmudov qeyd edib ki, insan resursları azalan və hərbi itkiləri artan Rusiya bu boşluğu doldurmaq üçün yeni və təhlükəli metodlara əl atır. "Miqrantların saxta ittihamlar və ailələri ilə təhdid yolu ilə müharibəyə cəlb edilməsi artıq sistemli xarakter alıb. Onlara vəd edilən kompensasiyalar isə ya ödənilmir, ya da sonradan əlavə təzyiq vasitəsinə çevrilir". Deputat vurğulayıb ki, vətəndaşlığı olan, lakin milli mənsubiyyətinə görə fərqlənən şəxslər də ayrıseçkiliyə məruz qalır. "Təzyiqlər Moskva, Sankt-Peterburq və digər regionlarda da müşahidə edilir. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin miqrantların cəlbi ilə bağlı son açıqlamaları bu proseslərin dövlət siyasətinə çevrildiyini nümayiş etdirir. Azərbaycan ictimaiyyəti hələ də 1990-cı illərdə Rusiyanın ölkəyə qarşı nümayiş etdirdiyi passiv münasibətin nəticələrini unutmayıb. Mülki təyyarənin vurulması məsələsində Moskvanın laqeyd mövqeyi bu ölkənin tərəfsiz vasitəçi imicinə xələl gətirib". Rəşad Mahmudov bildirib ki, Azərbaycan bu məsələləri həm hüquqi, həm də diplomatik müstəvidə izləyir və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqda israrlıdır. Onun sözlərinə görə, yaxın zamanda Azərbaycan parlamentinin bir üzvünün Həştərxanda keçiriləcək tədbirə buraxılmaması da Rusiyanın qərəzli yanaşmasının göstəricisidir. Deputat əlavə edib ki, Azərbaycanın informasiya resurslarına qarşı həyata keçirilmiş kiberhücumların arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığına dair ciddi sübutlar mövcuddur. Milli Məclisin müvafiq komissiyalarında hazırlanan hesabatlar yaxın zamanda beynəlxalq təşkilatlara təqdim ediləcək. Onun fikrincə, Rusiyada dini zəmində də ayrıseçkilik halları artır, xüsusilə müsəlman icmalarına qarşı təzyiqlər, ibadət və dini təhsil sahəsinə müdaxilələr islamofobiyanın dövlət səviyyəsində təşviq olunduğunu göstərir. Kremlə yaxın təbliğatçılar tərəfindən səsləndirilən anti-Azərbaycan ritorikası da bu siyasətin mərkəzdən yönləndirildiyini sübut edir. Sonda Mahmudov bildirib ki, Moskva regionda sabitliyi pozmağa yönəlmiş siyasət aparır. Ermənistanda revanşist qüvvələrin fəallaşdırılması, Koçaryan və Sarkisyan kimi simaların dəstəklənməsi regionda sülhə ciddi təhlükə yaradır. “Bu gün Rusiyada aparılan şovinist və təzyiq yönümlü siyasət təkcə qeyri-ruslara deyil, elə Rusiyanın öz gələcəyinə qarşı da yönəlmiş bir təhdiddir”, – deyə o qeyd edib.

Deputatın sözlərinə görə, Azərbaycan bu prosesləri diqqətlə izləyir və milli maraqlarına zidd heç bir addıma susqun qalmayacaq.

Seçilən
0
43
1news.az

10Mənbələr