AZ

“BU AİLƏLƏRDƏ HƏR UŞAĞA 140 MANAT ÖDƏNİLƏCƏK” “Mərhələli islahatlar nəzərdə tutulur”

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İqtisadçı deputat Vüqar Bayramov çoxuşaqlı ailələrə ödənilən sosial müavinətlərin artırılması və bu sahədə tətbiq olunacaq islahatlarla bağlı açıqlama verib. O bildirib ki, Azərbaycan Prezidentinin imzaladığı son fərmana əsasən, çoxuşaqlı ailələrdə hər uşağa görə ödənilən aylıq müavinət 2024-cü il iyulun 1-dən etibarən 33 faiz artırılıb.

Deputatın sözlərinə görə, əvvəlki dövrlərdə bu müavinət hər uşaq üçün 105 manat təşkil edirdisə, artıq bu məbləğ 140 manata çatdırılıb: “Artım bu gündən qüvvəyə minir və aidiyyəti şəxslər iyul ayından etibarən artırılmış müavinəti alacaqlar”.

Vüqar Bayramov qeyd edib ki, qanunvericiliyə əsasən, bu müavinət beş və daha çox uşağı dünyaya gətirib tərbiyə edən qadınlara təyin olunur: “Şərt ondan ibarətdir ki, uşaqların sağ olması və onlardan birinin bir yaşına çatması tələb olunur. Müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək ödənilir”.

O vurğulayıb ki, ödənişi almaq üçün vətəndaşlar yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli struktur bölmələrinə, “DOST” mərkəzlərinə və ya şəhid ailələri və müharibə əlilləri üçün yaradılmış vahid əlaqələndirmə mərkəzlərinə müraciət etməlidirlər.

Deputat əlavə edib ki, müraciət üçün şəxsiyyət vəsiqəsinin surəti, uşaqların doğum şəhadətnamələri və şəxsiyyət vəsiqələrinin surəti, eləcə də ananın beş və daha çox uşağı doğub tərbiyə etməsini təsdiq edən icra hakimiyyətinin yerli nümayəndəliyindən alınan arayış təqdim olunmalıdır.

“Müavinətin təyin olunması barədə müraciətlərə 10 iş günü ərzində baxılır və qərar qəbul olunur. Əgər müavinətin təyin olunmasından imtina edilərsə, bu barədə səbəblər göstərilməklə vətəndaşa 5 gün ərzində rəsmi məlumat verilir”, – deyə deputat bildirib.

Vüqar Bayramov onu da diqqətə çatdırıb ki, bu hüquqa malik olduğu halda əvvəllər müraciət etməmiş vətəndaşlar da bu gün həmin ödənişi almaq hüququna sahibdirlər: “Sosial müavinətlər müraciət edildiyi tarixdən əvvəlki 3 il üçün də ödənilə bilər. Məsələn, əgər bir vətəndaş son üç ildə azadlığa buraxılıbsa və bu vaxta qədər müraciət etməyibsə, indi də müavinət almaq hüququ var”.

Deputat sonda Milli Məclisdə bu sahədə aparılan müzakirələrə də toxunub: “Komitə iclaslarında təqdim etdiyimiz təkliflərdən biri çoxuşaqlı ailə anlayışına yenidən baxılması ilə bağlıdır. Təklif edirik ki, bu statusun əldə olunması üçün tələb olunan uşaq sayı mərhələli şəkildə 5-dən 3-ə endirilsin”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
33
azpolitika.info

5Mənbələr