AZ

Azlıqlara qarşı ideoloji səfərbərlik

Rus Pravoslav Kilsəsi və şovinist siyasəti...

Son illərdə Rusiyada yaşayan türk və müsəlman xalqların nümayəndələri - o cümlədən azərbaycanlılar, özbəklər, qırğızlar, türkmənlər və tatarlar - sistemli diskriminasiya, şovinist münasibət və islamofob siyasətlə üz-üzədirlər. Rusiya özünü çoxmillətli dövlət kimi təqdim etsə də, mövcud reallıq etnik azlıqlara qarşı ardıcıl və məqsədyönlü ayrı-seçkilik siyasətinin mövcudluğunu göstərir.

Xüsusilə son dövrlərdə azərbaycanlılara qarşı artan mənfi media təsviri, hüquq-mühafizə orqanlarının qərəzli yanaşması, mədəni və iqtisadi sıxışdırma halları bu cəmiyyətin hüquqi bərabərlik və təhlükəsiz yaşayış haqqını ciddi şəkildə pozur.

Azərbaycanlılara və digər türk xalqlarına qarşı qərəzli münasibət

Mövcud vəziyyət təsadüfi xarakter daşımır. Bu hadisələrin arxasında dərin tarixi, siyasi və ideoloji köklərə malik sistemli siyasət dayanır. Bu prosesin əsas ideoloji dayaqlarından biri kimi Rus Pravoslav Kilsəsi çıxış edir. Şübhəsiz, bu siyasətin arxasında Rusiya Federasiyasının hakim siyasi elitası dayanır. Əslində, baş verənlər, əsrlər boyu müxtəlif xalqlara qarşı həyata keçirilən imperialist siyasətin müasir, daha sərt və açıq formasının davamı kimi qiymətləndirilə bilər.

Rus Pravoslav Kilsəsi bu ideoloji təzyiqlərə əsaslandırma verir və hüquq-mühafizə orqanlarının sərt, bəzən isə qəddar hərəkətlərinə haqq qazandırır. Mövcud yanaşma cəmiyyətdə nifrət və parçalanma toxumları səpir, milli-etnik münasibətləri zərbə altına qoyur. Hazırkı ideoloji model tarixi imperiya düşüncəsi, şovinist yanaşmalar və güclü mərkəzləşdirilmiş idarəetmə ilə sıx bağlıdır. Bu ideologiyada rus dili, rus mədəniyyəti və pravoslav dəyərləri üstün mövqedədir. Türk və müsəlman kimliyi isə “mədəni-siyasi təhdid” kimi təqdim edilir.

Qafqazlılar, Orta Asiyalılar və müsəlman xalqlar haqqında formalaşdırılmış neqativ stereotiplər rus cəmiyyətinin ictimai şüurunda dərin yer tutub. Bu stereotiplər etnik zəmində zorakılıqlar və nifrət cinayətlərinə ideoloji zəmin hazırlayır. Özbəkistan, Tacikistan, Qırğızıstan, Azərbaycan və digər türk-müsəlman ölkələrindən gələn miqrantlar Rusiya iqtisadiyyatı üçün “ucuz işçi” qüvvəsi kimi qəbul olunmaqla yanaşı, onların hüquqları da tez-tez pozulur.

Qeyd edilməlidir ki, Rusiya imperiyasının və sonrakı Sovet İttifaqının idarəçilik modelində qeyri-rus xalqlara, xüsusilə də müsəlmanlara qarşı assimilyasiya və nəzarət siyasəti tarixən mövcud olub. Çar Rusiyası dövründə müsəlmanların dini və mədəni hüquqları sistemli şəkildə məhdudlaşdırılıb, məscid tikintisi, dini təhsil və ibadət fəaliyyəti ciddi şəkildə əngəllənib. Sovet dövründə isə ümumilikdə din repressiyalara məruz qalıb, məscid və mədrəsələr bağlanıb, islam dini “xurafat” kimi təqdim olunub. Bu prosesdə Rus Pravoslav Kilsəsi həm ideoloji dəstəkçi, həm də strateji tərəfdaş funksiyasını yerinə yetirib.

Rəsmi din azadlığı və reallıq arasındakı ziddiyyət

Göründüyü kimi, Rusiyada dini azadlıq Konstitusiyada hüquq kimi tanınsa da, praktiki müstəvidə bu hüquq ciddi şəkildə məhdudlaşdırılır. Xüsusilə islam dini, yeni dini icmalar və bəzi milli azlıqlara məxsus dini birliklər sistemli nəzarət və təqibə məruz qalır. Bu siyasət dövlətin milli təhlükəsizlik strategiyası, pravoslav ideologiyası və avtoritar idarəetmə sistemi ilə sıx bağlıdır.

Qeyd etmək vacibdir ki, islam Rusiya ərazisində pravoslavlıqdan sonra ikinci ən böyük dindir. Xüsusilə Şimali Qafqaz, Tatarıstan və Başqırdıstan bölgələrində geniş yayılan islam dini, buna baxmayaraq, tez-tez təhlükə mənbəyi kimi təqdim edilir.

Etnik və dini gərginliklər gələcək üçün təhlükədir

Beynəlxalq təşkilatların çoxsaylı hesabatlarında Rusiya Federasiyası etnik və dini azlıqların hüquqlarını sistematik şəkildə pozmaqda tənqid olunur. BMT, Avropa İttifaqı və ATƏT dəfələrlə Moskvanı dini plüralizmə və azlıqların hüquqlarının qorunmasına dair beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırıb. Lakin faktlar göstərir ki, bu çağırışlar ciddi nəticə doğurmur. Əgər bu ideoloji və hüquqi təzyiqlər davam edərsə, yaxın gələcəkdə Rusiya cəmiyyətində etnik və dini gərginliklərin, sosial parçalanmanın daha da dərinləşməsi qaçılmaz olacaq.

Elşən YƏHYAYEV,

Yeniazerbaycan.com saytının redaktoru

Seçilən
8
19
yeniazerbaycan.com

10Mənbələr