Meyvə şirələri, xüsusilə turş olanlar, mədə yanması və digər həzm problemləri ilə mübarizə üçün istifadə olunan antasid preparatların effektivliyini azalda bilər.
Redaktor.az xəbər verir ki, bu barədə həkim Aleksandr Bıkov “Gazeta.Ru”ya danışıb.
Antasidlər – mədədə artıq miqdarda olan turşunu neytrallaşdıran dərmanlardır. Onlar yeməkdən sonra yaranan mədə yanması, qastrit, mədə xorası və həzm pozuntularında istifadə olunur.
“Çiy meyvələrdə alma, limon və şərab turşusu kimi orqanik turşular çox miqdarda olur və bunlar mədə-bağırsaq traktında pH mühitini dəyişə bilər. Bu isə enterosolvent örtüklü dərmanlar üçün, o cümlədən bir çox ferment preparatları üçün xüsusilə əhəmiyyətlidir. Araşdırmalar göstərir ki, turş meyvə şirələri antasidlərin təsirini azalda, bəzi dərmanların sorulmasına təsir edə və onların qoruyucu örtükdən azad olunma vaxtını dəyişə bilər”, – deyə mütəxəssis bildirib.
Xüsusilə sitrus meyvələrinin şirələri ilə dərmanların qarşılıqlı təsirinə diqqət yetirilməlidir.
“Qreyfrut və digər sitrus meyvələrində olan furanokumarinlər dərmanların metabolizmini dəyişə bilər. Bu isə ya dərmanın təsirinin zəifləməsinə, ya da dozadan artıq təsir göstərməsinə səbəb ola bilər. Hətta kiçik bir stəkan qreyfrut şirəsi belə bu təsiri üç günə qədər saxlaya bilər. Yay meyvələrinə xas olan yüksək fruktoza miqdarı da həzm sisteminə əlavə yük yaradır”, – deyə Aleksandr Bıkov əlavə edib.
Xədicə BAXIŞLI