“Fitch” – beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın dövlət büdcəsinin kəsirinin 0,6 milyard manat təşkil edəcəyini proqnozlaşdırır.
İndex.az bu barədə agentliyin hesabatına istinadən xəbər verir.
Qurumun proqnozuna görə, gələn il isə büdcə kəsiri 1,1 milyard manata qədər artacaq.
Agentlik bunu bir neçə amillə əlaqələndirir – büdcədə nəzərdə tutulandan daha aşağı neft qiymətləri, Qarabağın bərpasına yönəlmiş kapital xərcləri, müdafiə və sosial təminat xərcləri ilə bağlı təzyiqlər.
Rəsmi statistikaya görə, bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 milyard 138 milyon manat, xərcləri isə 13 milyard 691,8 milyon manat təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,1 % və 1,6 % çoxdur.
Büdcə gəlirləri proqnozdan 3,9 % çox, büdcə xərcləri isə proqnozdan 3,5 % az icra olunub.
Nəticədə 5 ay ərzində büdcədə 3 milyard 446,2 milyon manat məbləğində profisit yaranıb. Bu isə bir il əvvəlki göstəricidən 36,05 % çoxdur.