Bu gün Moskva ilə Bakı münasibətlərində baş verənlər cəmi bir neçə il əvvəl ağlasığmaz görünürdü. Elə hiss edilirdi ki, bu əlaqələr güclü və etibarlıdır, bunun təminatı isə iki lider arasındakı münasibətlər hesab olunurdu. İlham Əliyev Moskvada Kremllə ünsiyyətdə hər zaman düzgün çalar tapmağı bilən, rəngli inqilablarla bağlı olmayan, hərdən millətçiliyə meyil etməyə yol verən ciddi tərəfdaş kimi qəbul edilirdi, demək olar ki, həmişə antierməni mövqeyində olub, amma heç vaxt antirusiya xətti tutmayıb.
Turkustan.az xəbər verir ki, bunu rusiyalı ermənipərəst siyasi şərhçi Maksim Yusin “Kommersant”a deyib.
“Həm Bakıdan, həm də diaspordan olan azərbaycanlı iş adamları Rusiyanın informasiya sahəsində məharətlə çalışırdı: mütəmadi olaraq Azərbaycana gələn yerli politoloqların, jurnalistlərin möhkəm birliyini yaradaraq, bu ölkədə baş verən hər şeyi ən müsbət şəkildə işıqlandırıb, ictimaiyyətə Bakının Moskvanın müttəfiqi olmasa da, etibarlı, möhkəm tərəfdaşı olduğunu çatdırmışdı. Ötən ilin dekabrında Ukrayna PUA-larının Qroznı hava limanına hücumu zamanı Rusiya səmasında Azərbaycan sərnişin təyyarəsinin vurulması və daha sonra Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması münasibətlərdə əsl çatlama yaradıb. 38 nəfər həlak olub. Bakı Moskvanı hava hücumundan müdafiə sistemləri ilə təyyarənin vurulmasına görə məsuliyyətinin etirafında gecikməkdə ittiham edib. Və bu gün, altı ay sonra, bu məsələ ikitərəfli münasibətlərdə ən böyük qıcıqlandırıcı amil olaraq qalır. Daha sonra isə Rusiya təhlükəsizlik qüvvələrinin Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinə qarşı sərt hərəkətləri və iki nəfərin həlak olması ilə nəticələnən əməliyyat baş verdi. Bakı hesab edir ki, onlar öldürülüb”, - o bildirib.
Yusin idda edir ki, bu hadisələr Bakıda Rusiyada çoxlarının şübhə belə etmədiyi yığılmış bütün şikayətləri ortaya tökdü:
“Bir məmurun, hətta demək olar ki, yarı-rəsmi, Azərbaycan telekanalının efirinə verdiyi şərh də bunun göstəricisidir. Onu dinləyəndə düşünmək olar ki, bu yayım Bakıdan yox, Kiyevdən yayımlanıb. Yayımda Putinə qarşı şəxsi hücumlar (əvvəllər belə şeylərə yol verilməzdi) və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsində, hətta 1992-ci ildə Xocalıda dinc əhalinin ölümünə görə Rusiyanın məsuliyyət daşıması iddiaları yer alırdı. Deyəsən, lap yuxarıdan icazə verilib: əvvəllər mümkün olmayan şey indi mümkündür. İndi isə Rusiya ilə bağlı bütün mədəniyyət tədbirləri ləğv edilir, Rusiya baş nazirinin müavini Aleksey Overçukun səfəri ləğv edilir, Rusiyanın “Sputnik” agentliyinin Bakı ofisində Azərbaycan hakimiyyətinin işlətdiyi terminlə “xüsusi əməliyyat” keçirilir. Ümumiyyətlə, son vaxtlara qədər nümunəvi görünən münasibətlər tənəzzülə doğru gedir. İndi Yekaterinburq hadisələrinin bir bəhanə olduğu hissi yaranır. Azərbaycan özünü regional güc kimi aparmağa başlayır, yeri gəlmişkən, bu barədə Azərbaycan kanalında qeyd etdiyim şərhdə də vurğulanıb: Rusiya bu baxımdan keçmiş hegemon kimi qəbul edilir, onunla hesablaşılmaya bilərlər, Rusiya tədricən regiondan sıxışdırılmalı, Bakı bunun hesabına ölkə daxilində “vətənpərvər camaatın” gözündə xal qazanaraq özünü təsdiq edə bilər. Azərbaycan hakimiyyətinin hesablamalarının özünü doğruldub-doğrultmayacağını zaman göstərəcək. Moskvanın hazırda Ukrayna münaqişəsinə qarışmasından və Qafqaza vaxtının olmamasından istifadə edərək, belə anlaşılmaz səbəbə görə Kremllə vəziyyəti gərginləşdirmələr ehtiyatsızlıq deyilmi?” /axar.az/