Sfera.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Yay aylarında çimərlik və hovuzlara maraq artdıqca, bağırsaq çöpləri, xüsusilə “Escherichia coli” (E.coli) kimi bakteriyalarla yoluxma riski də yüksəlir.
İnsanlar, xüsusilə də uşaqlar bu infeksiyadan necə qorunmalıdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən səhiyyə eksperti Adil Qeybulla bu məsələ ilə bağlı xəbərdarlıq edərək, gigiyenik tələblərə əməl olunmadığı təqdirdə həm uşaqlar, həm də böyüklər üçün ciddi təhlükə yarana biləcəyini bildirib.
“Suyun gigiyenik baxımdan müəyyən göstəriciləri var. Bunlar arasında "kolotiter" və "kolon indeks" kimi anlayışlar əsas yer tutur. Bu göstəricilər 1 kubmetr suda nə qədər bağırsaq çöpləri bakteriyalarının olduğunu göstərir. Normal halda bu göstərici 3-ə qədər olmalıdır. Əgər bu həddi aşırsa, həmin suda çimmək və ya istifadə etmək təhlükəlidir”.
Ekspertin sözlərinə görə, xüsusilə axarsız, dayanıqlı sularda mikroorqanizmlərin artımı daha sürətlə baş verir:
“Axar olmayan sularda, məsələn, süni göllər və bəzi hovuzlarda bakteriyaların çoxalması riski daha yüksəkdir. Bu səbəbdən belə obyektlər mütəmadi olaraq dezinfeksiya olunmalı, hovuz suları müəyyən müddət ərzində dəyişdirilməli və xüsusi məhlullarla təmizlənməlidir. Qapalı hovuzların və çimərliklərin suyu gigiyenik tələblərə cavab vermədikdə yalnız E.coli deyil, digər daha təhlükəli infeksiyalar, o cümlədən vəba kimi xəstəliklər də yayılıb ciddi nəticələrə səbəb ola bilər".
Ekspertin tövsiyələrinə görə, insanlar xüsusilə uşaqları çimərlik və hovuzlara apararkən bir sıra gigiyenik tədbirlərə diqqət etməlidirlər:
“Suyun görünüşü və qoxusu şübhə doğurursa, həmin məkanda çimməkdən çəkinmək lazımdır. Çimməzdən əvvəl və sonra duş qəbul etmək, uşaqları hovuz və ya dəniz suyunu udmaqdan qorumaq, açıq yaraları və dəri xəstəlikləri olan şəxslərin ümumi hovuzlardan istifadəsinə yol verməmək,hər hansı qarın ağrısı, ishal, halsızlıq və ya qızdırma hallarında çimməkdən imtina etmək mütləqdir”.
Bəs hansı hallarda həkimə müraciət edilməlidir?
“Əgər hovuzdan və ya çimərlikdən sonra ishal, qusma, qızdırma və qarın ağrısı kimi simptomlar yaranarsa, bu, bağırsaq infeksiyasının əlaməti ola bilər. Bu zaman vaxt itirmədən həkimə müraciət etmək vacibdir”.
Bəsti Rəfizadə
Sfera.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.