AZ

Africa–Azerbaijan Cooperation təşkilatı iki nüfuzlu beynəlxalq qurumla Anlaşma Memorandumu imzaladı - FOTO

Africa–Azerbaijan Cooperation (AFAZ) təşkilatı İstanbulda keçirilən AFEX 2025 – Türkiyə–Afrika Biznes Forumu çərçivəsində EU–Africa Chamber of Commerce (EUACC) və Afro–Brazilian Chamber of Commerce ilə Anlaşma Memorandumu (MOU) imzalamışdır. Bu sənədlər, təşkilatın Afrika bazarında fəaliyyətini gücləndirmək və bu qurumların uzunmüddətli təcrübəsi, əlaqələri və institusional imkanlarından faydalanmaq məqsədilə imzalanmışdır. Hər iki qurum artıq Africa–Azerbaijan Cooperation təşkilatına dəstək göstərməyə başlamışdır.
 
Moderator.az xəbər veerir ki, 25–26 iyun 2025-ci il tarixlərində İstanbulda baş tutan AFEX 2025 – Türkiyə–Afrika Biznes Forumu və Sərgisi çərçivəsində Africa–Azerbaijan Cooperation Azərbaycanı təmsil edərək tədbirdə fəal iştirak edib.
 
Forum çərçivəsində təşkilat rəhbərliyi Afrikadan gəlmiş dövlət nümayəndələri, səfirlər, ticarət palatalarının rəhbərləri və iş adamları ilə bir sıra məhsuldar görüşlər keçirib. Görüşlərdə Afrika ölkələri ilə Azərbaycan arasında ticarət, logistika, kənd təsərrüfatı, təhsil və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
 
Tədbir zamanı Africa–Azerbaijan Cooperation təşkilatının təsisçisi Rəna Qəfərova xüsusi olaraq “Dayanıqlı İnkişaf üçün Tərəfdaşlıq” panelində çıxış etmişdir. O, çıxışında Azərbaycanın iqtisadi potensialı, dövlətin Afrika ilə əməkdaşlıq strategiyası və Azərbaycan məhsullarının keyfiyyəti barədə ətraflı məlumat vermişdir.
 
O, həmçinin KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi), Azərbaycan Sahibkarlar Konfederasiyası, AZPROMO (İxracın və İnvestisiyaların Təşviqi Agentliyi) və ASAN Xidmət kimi qabaqcıl dövlət qurumlarının fəaliyyəti, innovativ xidmətləri və beynəlxalq əməkdaşlığa açıqlığı barədə panel iştirakçılarını məlumatlandırmışdır.
 
Çıxışda Azərbaycan dövlətinin Afrika ilə əməkdaşlığı dəstəkləyən proqramlarının davamlı şəkildə inkişaf etdiyi və bu sahədə mühüm imkanların mövcud olduğu vurğulanmışdır.
 
Bundan əlavə, tədbirdə Azərbaycandan üç şirkət – tütün, mebel və qida sektorlarını təmsil edən müəssisələr iştirak etmişdir. Bu şirkətlər üçün AFEX 2025 Afrika bazarına çıxış baxımından ilk əhəmiyyətli təcrübə olmuşdur.
 
Africa–Azerbaijan Cooperation tərəfindən tədbir iştirakçılarına Azərbaycanın iqtisadi potensialı, ixrac imkanları və Qərbi Azərbaycanla bağlı tarixi məlumatları təqdim edən xüsusi hədiyyə dəstləri təqdim olunub. Bu təşəbbüs beynəlxalq tərəfdaşlarda böyük maraqla qarşılanıb və Azərbaycanın qədim mədəni irsinin təbliği baxımından əhəmiyyətli addım olub.
 
Qeyd edək ki, AFEX 2025 platforması Afrika və Türkiyə arasında iqtisadi əlaqələrin gücləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və qarşılıqlı investisiya təşəbbüslərinin təşviqi baxımından mühüm beynəlxalq tədbirdir.
 
Africa–Azerbaijan Cooperation təşkilatı bu ilin ikinci yarısında bənzər bir beynəlxalq tədbirin Bakıda keçirilməsini planlaşdırır. Məqsəd – Afrika ölkələri ilə iqtisadi əlaqələrin möhkəmləndirilməsi və Azərbaycanın qlobal ticarət şəbəkəsində rolunun artırılmasıdır.
Seçilən
57
50
moderator.az

10Mənbələr