Yekaterinburq hadisələri də göstərdi ki, Azərbaycan Rus icmasında çevik rəhbərliyə ehtiyac var. Hadisə günü jurnalistlərin suallarına “bilmirəm”, “xəbərim yoxdur” kimi cavablar verilirsə, sonrakı günlərdəki açıqlamaların əhəmiyyəti qalmır.
Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
Mixail Zabelin illərdir icmanın rəhbəri və millət vəkili olduğunu xatırladan politoloq onun hər iki postu qoruduğunu bildirib:
"Rus mənşəli Azərbaycan vətəndaşının Milli Məclisdə təmsil olunması normaldır. Vaxtilə Milli Məclisdə ukraynalıları təmsil edən general Vladimir Timoşenko da var idi. Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşan və həlak olan rus və ukrayna mənşəli vətəndaşlarımız var. Azərbaycan vətəndaşı olan rusların, ukraynalıların, tatarların və digər millətlərin nümayəndələrinin ölkənin siyasi və ictimai həyatında fəal olmaları normaldır. Bu fəallıq yaşadıqları və vətəndaşı olduqları Azərbaycanın maraqlarına xidmət etməlidir. Mixail Zabelin zəif fiqurdur, icmaya səsi Azərbaycanda və Rusiyada eşidilə bilən şəxs rəhbərlik etməlidir. Yekaterinburq kimi hadisələrdə “balanslı” mövqe işə yaramır. İcma sədri Rusiya səfirliyindəki çoxsaylı görüşlərində Kremlin təlimatlarını dinləməli deyil, münasibətləri gərginləşdirən halların ortadan qaldırılmasıyla bağlı səfiri və onun təmsil etdiyi ölkənin siyasi dairələrini inandırmağa çalışmalıdır".