Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 1 iyul, Pərvanə Qafarova, AZƏRTAC
İstedadlı gənclərin təhsil uğurları həm onların gələcəyinin, həm də cəmiyyətin inkişafının təminatıdır. Azərbaycanın istedadları təkcə Vətəndə deyil, xaricdə də fərqlənməyi bacarır və yüksək nəticələr göstərirlər.
Belə istedadlı gənclərdən biri də ABŞ-ın Kornell Universitetinin məzunu Fərid Qocayevdir. Təhsil təcrübəsini AZƏRTAC-ın müxbiri ilə bölüşən Fərid Qocayev deyib: “Bu yaxınlarda ABŞ-ın “Ivy League” universitetlərindən biri olan Kornell Universitetindən məzun olmuşam. Rusiyanın kiçik bir şəhərində anadan olmuşam və orada böyümüşəm, lakin orta məktəb və bakalavriat təhsilimi Azərbaycanda tamamlamışam. Universiteti bitirdikdən sonra ticarət, neft və sığorta sahələrində təcrübə keçmişəm, startaplar və dövlət sektorunda çalışmışam. Daha sonra isə qlobal bir yolçuluğa çıxmaq qərarına gəldim”.
Fərid təhsil aldığı illərin onun üçün maraqlı olduğunu söyləyib: “Təhsil illərim maraqlı və öyrədici keçdi. Minlərlə yerli və xaricdə yaşayan insanlarla tanış oldum, səyahət etdim, yeni dillər və bacarıqlar öyrəndim – məsələn, proqramlaşdırma və tədbir təşkili kimi. Ən yadda qalan və qeyri-adi hadisə isə yəqin ki, pandemiya dövründə məzuniyyəti “Zoom” vasitəsilə - onlayn formatda qeyd etməyimiz oldu”.
Kornell Universitetinə gedən yol barədə söz açan Fərid təhsildə bu addımını dostunun məsləhəti ilə atdığını deyib: “Əvvəllər MBA haqqında heç düşünmürdüm. Maliyyəni daha dərindən öyrənmək istədiyim üçün bu sahə üzrə magistr proqramlarına baxırdım. Lakin yaxın bir dostum mənə MBA proqramlarının tələbləri və qəbul prosesi barədə ətraflı məlumat verdi. Mən də müraciət etdim və qəbul oldum. Qəbulda əsas rol oynayan məqam ondan ibarət idi ki, mən həm qısa, həm də uzunmüddətli məqsədlərimi aydın şəkildə ifadə etdim və əvvəlki iş təcrübəmin bu məqsədlərlə necə uyğunlaşdığını izah etdim”.
Gələcək planlarını Azərbaycanda reallaşdırmaq istədiyini vurğulayan Fərid Qocayev beynəlxalq biznes sahəsində təcrübəsini genişləndirmək niyyətində olduğunu bildirib: “Yaxın illərdə beynəlxalq biznes və kapital bazarlarında daha çox təcrübə qazanmaq istəyirəm ki, xarici sərmayə qoyuluşu və davamlı gəlirlərin artırılması üsullarını daha dərindən anlayım. Sonrakı mərhələdə isə Azərbaycana qayıdıb həm ölkəmizin zəngin təbii, insan və kapital resurslarının potensialını maksimum dərəcədə reallaşdırmaq, həm də gələcək nəsil tələbələri daha böyük uğurlara hazırlamaq üçün əldə etdiyim bilik və təcrübəni tətbiq etmək istəyirəm”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.