
Fransada həddindən artıq istilər səbəbindən 1350-yə yaxın məktəb bir sutka ərzində tamamilə və ya qismən bağlanıb.
Reyting.az xəbər verir ki, Fransanın Meteorologiya Agentliyi həddindən artıq istilər səbəbindən paytaxt Paris də daxil olmaqla 16 əyalətdə qırmızı, 68 əyalətdə isə narıncı xəbərdarlıq elan edib.
Ölkə ərazisində havanın temperaturunun gün ərzində minimum 20, maksimum 41 dərəcə isti olacağı gözlənilir.
Həddindən artıq istilər səbəbindən ölkə üzrə 1350-yə yaxın məktəb bir sutka ərzində tamamilə və ya qismən bağlanıb. Dünən də eyni səbəbdən 750 məktəbdə tədris dayandırılıb.
Bu arada, isti hava səbəbiylə Paris və ətraflarında artan ozon çirkliliyi yerli hakimiyyət orqanlarını hərəkətə gətirib.
Paris Polis Departamenti bildirib ki, Paris və bəzi ətraf əyalətlərdə yalnız ətraf mühiti ən az çirkləndirən müəyyən avtomobillərin idarə edilməsinə icazə veriləcək, digərlərinin istifadəsi qadağan olunacaq.
V. QULİYEV