Avropa Komissiyası DCFTA sazişinə yenidən baxılması ilə bağlı Ukrayna ilə danışıqları başa çatdırıb. Bu, Aİ ilə Ukrayna arasında əsas ticarət sazişidir.
RBC-Ukrayna xəbər verir ki, bu barədə Avropa Komissiyasının press-relizində deyilir.
Yenilənmiş saziş üç əsas prinsip ətrafında qurulub:
Uyğunlaşma şərtləri ilə Aİ bazarına çıxış: Ukrayna Aİ standartlarının - xüsusilə heyvanların rifahı, pestisidlərin və baytarlıq məhsullarının istifadəsi sahəsində mərhələli şəkildə tətbiqi şərti ilə Avropa bazarına daha çox çıxış əldə edəcək. Kiyevin əldə olunan tərəqqi barədə hər il hesabat verəcəyi gözlənilir.
İdxal risklərinə qarşı qorunma: Ukrayna və Aİ, idxalın onların bazarlarına zərər verdiyi təqdirdə hər iki tərəfə məhdudiyyətlər tətbiq etməyə imkan verən müdafiə mexanizmi haqqında razılığa gəliblər. Aİ üçün belə bir qiymətləndirmə həm bütün blok, həm də ayrı-ayrı üzv dövlətlər səviyyəsində həyata keçirilə bilər.
Ticarətdə maraqlar balansı: Yenilənmiş saziş Aİ-də həssas kənd təsərrüfatı sektorlarının maraqlarını nəzərə alır. Şəkər, toyuq, yumurta, taxıl və bal kimi mallar üçün bazarın açılışı məhdudlaşdırılacaq. Eyni zamanda, daha az həssas kateqoriyalar üçün tərəflər ticarət həcminin artmasına kömək edəcək geniş çıxış haqqında razılığa gəliblər.
Tərəflər, həmçinin ənənəvi üçüncü ölkə bazarlarında Ukrayna ixracının dəstəklənməsi yollarını öyrənmək, habelə iqtisadi inteqrasiyada əldə olunan tərəqqi və Ukraynanın Avropaya inteqrasiyası perspektivlərini qiymətləndirmək barədə razılığa gəliblər.
Avropa İttifaqının ticarət və iqtisadi təhlükəsizlik üzrə Avropa komissarı Maroş Şefçoviçin sözlərinə görə, tərəflər arasında ticarət həcmi 2016-cı ildəki 26 milyarda qarşı 2024-cü ildə təxminən 67 milyard avroya çatacaq.
Əziz Mustafa, Oxuməni.az