“Yekaterinburqda baş verən faciənin siyasi, iqtisadi, insani tərəfləri bir yana, məni başqa məsələ də düşündürdü. Sıradan azərbaycanlının qətlinə dövlətin bu cür reaksiyası bir ilkdir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yazıçı İlham Əziz sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, bu o deməkdir ki, dövlət adi vətəndaşını belə kimsəsiz qoymur: “Özü də dünyanı qorxu içində saxlayan imperiya qarşısında. Bu həm də o deməkdir ki, istənilən azərbaycanlı bundan sonra özünü xaricdə amanda və dövlət himayəsi altında hiss edəcək.
Başqa ölkədə uzun müddət yaşayan adam kimi demək istəyirəm ki, bu möhtəşəm hissdir. Bu hiss insanı daha çox çalışmağa və məsuliyyət dərk etməyə sövq edir.
Yüz illərdir “müstəqillik” deyib dad vuran babalarımızın və atalarımızın nəyə görə can verdiklərini indi daha çox hiss edirik.
Milyonlarla maddi maraq azərbaycanlıdan üstün deyil, ola da bilməz. Dövlət əxlaqı budur. Bunu yaradanlara minnətdar olmalıyıq!
Müstəqillik, suverenlik, dövlət olmaq budur, cənablar!
İndi xaricdə yaşayan hər bir azərbaycanlı özünü Azərbaycan dövlətinin bir hissəsi və canlı bayrağı saymalıdır!”