Yay mövsümündə şəhərdən uzaq, sakit məkanda dincəlmək istəyənlərin sayı artdıqca Bakıda bağ evlərinə tələbat yüksəlir. Bu isə kirayə qiymətlərində nəzərəçarpacaq artıma səbəb olur. Bəs son aylarda bağ evlərinin qiyməti niyə bu qədər bahadır?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova bildirib ki, əvvəlki illərdə də onsuz da qiymət artımı vardı. Lakin son dövrlərdə olduqca yüksək qiymət artımı müşahidə edilir.
G. Hüseynovanın sözlərinə görə, qiymət artımında əsas faktor ilk növbədə pulun dövretmə sürəti, pulun dəyərdən ölməsi ilə əlaqədardır. Yay mövsümü ilə əlaqədar olaraq həmişə qiymət artımını müşahidə edirik. Lakin buna baxmayaraq yenə də tələb var. Tələb təklifi üstələdiyi üçün hər zaman da bu sahədə qiymət artımı müşahidə olunacaq.
“Daha öncəki illərdə müəyyən pulu olan vətəndaş torpaq və ya bina evinə investisiya yatırırdı. Çünki onun kirayə gəlirləri hesabına pulu bir növ dövriyyəyə buraxırdı. Lakin son illərdə bu seçim bir o qədər də gəlirli olmadığı üçün vətəndaşlar daha çox bağ evi alırlar. Yaxud da müəyyən yerlərdə, bu zonalarda torpaq alıb ev tikdirirlər. Sonra da həmin evi yaxşı qiymətə satırlar. Sırf bu sahə ilə məşğul olan şəxslər də var. Müəyyən bağ evləri də var ki, onların restovrasiyaya ehtiyacı var. Kənddə yerləşən kənd evini təmir edib bağ evi kimi icarə yaxud da satışını həyata keçirirlər. Bu sahə daha çox gəlirli olduğu üçün ona görə də vətəndaşlar bu sahəyə investisiya yatırırlar. Bundan əlavə də müəyyən bölgələr var ki, sırf turizmdən qazanırlar. Onların qazancı sadəcə 3 ay olduğu üçün qiymət yüksək olur və digər ayları bu xərclərlə qarşılayırlar. Ona görə də qiymətlərin yüksək olmasının səbəblərindən biri də budur”.
Dəniz Pənahova