Azərbaycan hökuməti bu günə qədər işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işlərinə 15 milyard dollar sərmayə yatırıb.
FED.az xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin inkişaf üçün IV maliyyələşdirmə konfransında (FFD4) çıxışı zamanı bildirib.
"İndiyə qədər Azərbaycan hökuməti "Böyük Qayıdış" dövlət proqramı çərçivəsində azad edilmiş ərazilərin yenidən qurulması və bərpasına artıq 15 milyard dollar xərcləyib. Məqsəd məcburi köçkün olan yarım milyona yaxın azərbaycanlının öz doğma şəhər və kəndlərinə qayıtması üçün əlverişli şərait yaratmaqdır", - o qeyd edib.
S.Şərifov vurğulayıb ki, Azərbaycan hökuməti yanında yaradılmış xüsusi komissiyanın qiymətləndirmələrinə görə Ermənistanın işğalı nəticəsində ölkəyə dəyən ümumi ziyanın məbləği 150 milyard dollar təşkil edir.
"Ümumi ziyanın 25 milyard dolları və ya 15 %-dən çoxu mina və partlamamış sursatlarla çirklənmənin payına düşür. Ərazilərin minalardan təmizlənməsi 30 ilə qədər vaxt apara bilər. Postmünaqişə dövründə bərpada minatəmizləmənin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyev humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edib. Azərbaycan həmçinin minatəmizləmənin 17-ci Milli Dayanıqlı İnkişaf Məqsədinə əlavə olaraq BMT-nin gündəliyinə daxil edilməsi təşəbbüsünü irəli sürüb və digər ölkələri bu yanaşmaya riayət etməyə çağırıb", - o əlavə edib. (Report)