AZ

Azərbaycana qarşı terror çağırışı edildi Molla rejimi QAYNAYIR

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

İsraillə ABŞ-dən 12 gün ərzində güclü şillə-qapaz alan İran üzünün qızartısı keçməmiş, bunun heyfini özünə ənənəvi düşmən hesab etdiyi Azərbaycandan almağa cəhd edir. Həmişəki kimi, ön sıraya yenə rejimin beyni yuyulmuş qul-beçələri, "jurnalistcik"ləri atılıblar.

İranın Azərbaycanca yayım edən "Səhər Azəri TV"si bu işdə növbəti dəfə canfəşanlıq nümayiş etdirib. Adıçəkilən kanalın aparıcısı Qəhrəman Nurani efirdə bildirib ki, guya Azərbaycanın media orqanları - Baku TV və Lent.az saytı İranın ali liderini təhqir ediblər. Bu iddianın ardınca isə deyib ki, İranın böyük ayətullahlarının verdiyi ölüm "fətva"ları bu media qurumlarına da şamil olunur.

Hal-qəziyyə gün kimi aydındır: Heç kəsə sirr deyil ki, "Səhər TV" ölkənin Ali Rəhbəri Əli Xameneinin birbaşa sifarişi olmadan heç bir ölkəyə, onun media subyektinə belə "atəş" açmaz. Məsud Pezeşkianın prezident seçilməsindən sonra Tehran ilə Bakı arasında diplomatik münasibətlərin nəzərəçarpacaq dərəcədə müsbət məcrada irəliləməsinin cənub qonşumuzda daha çox kimləri narahat etdiyi bir daha ortaya çıxır.

Azərbaycana qarşı terror çağırışı edildi - Molla rejimi "QAYNAYIR"

Halbuki İsrail-İran savaşı zamanı Azərbaycan dövləti açıq şəkildə öz mövqeyini ortaya qoydu. Prezident İlham Əliyevin üç gün öncə İranın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edərkən dedikləri bir daha rəsmi Bakının mövqeyini göstərdi. Dövlətimizin başçısı İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını, bütün bunların tamamilə cəfəngiyyat olduğunu bildirdi.

İranın yeni səfiri Müctəba Dəmirçilu da öz növbəsində qeyd etdi ki, İran tərəfi də tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz.

Lakin bununla belə, İran tərəfi yenə suları bulandırmaqda davam edir. Molla rejiminin İsraillə münaqişəsində atəşkəs elan edilən kimi "islam" dövləti yenə oxları Azərbaycana döndərdi, özü də necə...

"Səhər TV"nin aparıcısının Azərbaycanda həm ayətullah Nuri Həmədani, həm də bu "fətva"ları verən digər ayətullahların, o cümlədən Məkarim Şirazinin çoxsaylı tərəfdarlarının mövcud olduğunu bildirməsinin altında məkrli niyyətin gizləndiyi zərrə qədər də şübhə doğurmur.

O bu cür açıqlama etməklə, əslində, "təqlidçi"lərə şifrə verərək çağırış edib ki, faktiki olaraq artıq Azərbaycanda "müharibə" elan etdikləri bu iki media subyektinə (Baku TV və Lent.az saytı) qarşı cəza tədbirləri barədə düşünsünlər. Bu mesajın digər adı isə İran televiziyasının Azərbaycanda fəaliyyət göstərən iki media orqanına qarşı terror çağırışları edərək, "ölüm fətvası" təhlükəsini gündəmə gətirməkdir.

Bu ilkdirmi?!

İranın Azərbaycan dilində yayımlanan və dindaşlarına qarşı təbliğat aparan "Səhər" televiziyasının hələ iki il əvvəl Tehrandakı səfirliyimizə qarşı törədilən məlum terror hücumundan dərhal sonra cinayətkardan müsahibə alması bütün şübhələrin istiqamətini müəyyənləşdirmişdi.

İndi diplomatik münasibətlərin irəlilədiyinin düşünüldüyü bir vaxtda İran ali liderinin birbaşa tabeçiliyində olan televiziya kanalında Azərbaycan media orqanlarının hədəfə alınması çirkin siyasətin davamı, dərin keçmişə söykənən, lakin "dostluq və qardaşlıq" pərdəsi arxasında gizlənən düşmənçilik mövqeyinin yeni və kəskin ifadəsi kimi özünü aşkar formada nümayiş etdirdi. Bu, media subyektlərindən daha çox, yenidən Azərbaycana, rəsmi Bakıya qarşı elan edilməmiş diplomatik savaşın yeni bir başlanğıcıdır.

Baxmayaraq ki, İran yeni bir prezidentə tapşırılıb, amma bunu dövlətin idarəçiliyi nöqteyi-nəzərindən demək böyük yanlışlıq olar. Hadisələrin axarı molla rejiminin fitrətindən əl çəkməyəcəyinə əminliyi bir qədər də artırdı.

Bu rejim üçün islam, sadəcə, dövləti idarə etmək, məqsəd və niyyətlərinə çatmaq yolunda bir vasitədir. Məsud Pezeşkianın bu gün hakimiyyətdə olması heç nəyi dəyişmir. Yəni ali lider və SEPAH yenə də ölkənin idarəçiliyində əsas aktorlardır.

Və bütün bunların Pezeşkianın Bakıya səfərində Azərbaycanla dostluq-qonşuluq prinsiplərini özündə ehtiva edən bəyanatları, eləcə də bir neçə gün sonra İran prezidentinin, elan edildiyi kimi, Xankəndiyə gözlənilən səfəri ərəfəsində yaşanması molla rejiminin iki ölkənin diplomatik münasibətlərini yenidən dalana dirəmək məqsədi güdür.

Təəssüf olsun ki, rejim Azərbaycanla münasibətlərdə həmişə olduğu kimi, bu gün də stabil sülhə qarşıdır.

İranın ali rəhbərliyinin əlində olan telekanalın Azərbaycan media orqanlarına "ölüm fətvası" mesajı yenidən bu rejimdə ölkəmizə qarşı qərəzli və düşmən ritorikasının sərtləşməyə başladığını, ölkəmizə qarşı yürüdülən anti-Azərbaycan siyasətinin əsl mahiyyətini əyani şəkildə nümayiş etdirir. Belə bir "çağırış"ın münasibətləri daha da gərginləşdirməyə xidmət etdiyini anlamamaq üçün heç bir əsas qalmır.

İranın molla rejimi "müctəhid"ləri, "ayətullah"ları Azərbaycana qarşı qaldırmağa çalışmaqla rəsmi Bakıya təzyiq edəcəyini, istəklərinə çatacağını düşünür. Amma bu despotik rejim bir şeyi unudur ki, rəsmi Bakı hər şeydən xəbərdardır: onun Azərbaycana terrorla təzyiq etmək çağırışları nə ilkdir, nə də son...

Təhməz Əsədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
19
oxu.az

10Mənbələr