Bakı şəhəri, Yasamal rayonunda yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində iyunun 26-da saat 23 radələrində baş verən partlayışla əlaqədar zərərsizləşdirmə və təmizləmə işləri həyata keçirilir.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi (FHN) birgə məlumat yayıb.
Qeyd edilib ki, hazırda prokuorluq əməkdaşları hadisə yerində baxış, ANAMA və FHN-in əməkdaşları isə ərazidə zərərsizləşdirmə və təmizləmə işləri həyata keçirilir.
Yanğınla müşayiət olunan partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən ibtidai istintaq aparılır. Kompleks istintaq tədbirləri çərçivəsində əraziyə prokurorluq əməkdaşları ilə yanaşı, ANAMA və FHN-nin operativ qrupları da cəlb olunub və hadisə yerində baxış keçirilib.
Bildirilib ki, əldə edilən sübutlar arasında patronlar, fişənglər, gilizlər, propan qaz balonları, eləcə də təlim məqsədilə istifadə olunan müxtəlif növ partlayıcı vasitələr də aşkarlanıb.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə hadisə yerinə təcili tibbi yardım briqadaları da cəlb olunub.