ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 1 iyul, AZƏRTAC
Hər bir insan yaşadığı şəhərin bir parçası, doğulduğu ailənin davamçısı, mənsub olduğu xalqın yaddaşını yaşadan varlıqdır. Tibb elmləri namizədi Sevil xanım Bağırova (Mirbabayeva) da bu yaddaşın, bu mənəvi mirasın ən işıqlı simalarından biri idi – İrəvanın daş divarlarından, sərin həyətlərindən, ana nəfəsi kimi saf mühitindən gələn, bütöv bir millətin elmi salnaməsinə öz adını yazdıran parlaq bir ömrün sahibəsi idi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər İrəvan Şəhər İcmasının sədri professor Fəridə Səfiyevanın “İrəvandan başlanan alim ömrü” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Sevil xanımla yollarımız 2021-ci ildə kəsişdi. Onun sakit və təmkinli danışığında zamanın dərinliklərində gizlənmiş zəngin bir yaddaş, kövrək və eyni zamanda, sarsılmaz xatirələr vardı. Sözlərindən İrəvanın qoxusu, ucalığı duyulurdu. Onu dinlədikcə sanki anamın uşaqlıq illərinə, nənəmin nağılvari xatirələrinə, bir də könüllərdə qövr edən o qədim şəhərin həsrətinə qayıdırdım. Göz önündə İrəvanın səssiz məhəllələri, səkiləri, qapı önündə samovar qaynayan həyətləri canlanırdı.
Deyirlər ki, hər şəhərin öz siması var. Sevil xanım da doğulduğu şəhərin – İrəvanın – məğrurluğunu və alicənablığını öz varlığında yaşadan ziyalılardan idi.
1933-cü il fevralın 7-də İrəvanda ziyalı bir ailədə dünyaya gəlmişdi Sevil xanım. Atası Mir Məhəmməd ağa – seyid nəslindən olan, elmə və mənəviyyata bağlı, xeyriyyəçiliklə məşğul nüfuzlu bir şəxsiyyət idi. Onların evi sadəcə bir ailə ocağı deyil, eyni zamanda, İrəvanın mənəvi həyatında mühüm yer tutan bir fikir mərkəzi idi. Anası Kübra xanım isə şəhərin tanınmış bəy nəslinə mənsub idi. Bu ailə mühiti Sevil xanımın şəxsiyyətinin, dünyagörüşünün və mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynamışdı.
1956-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirərək həkim kimi fəaliyyətə başlaması onun elmi yolunun ilk addımı oldu. Əvvəlcə Naxçıvanda parazitologiya və bakteriologiya sahəsində çalışdı, daha sonra Səhiyyə Nazirliyinin müxtəlif strukturlarında fəaliyyətini davam etdirdi.
Sevil xanımın əsl elmi yolu 1963-cü ildə V. Musabəyov adına Elmi-Tədqiqat Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunda başladı. Burada apardığı tədqiqatlar – xüsusilə də çiçək virusuna yoluxma zamanı orqanizmdə baş verən reaksiyalara dair müdafiə etdiyi dissertasiya – onu elmi ictimaiyyətdə tanınmış mütəxəssisə çevirdi. Bu sahədəki nailiyyətlər Azərbaycan immunologiyasının inkişafında mühüm mərhələ oldu.
Sevil xanım üçün elm yalnız nəzəri biliklərdən ibarət deyildi – o, elmi insan talelərinə toxunan, həyatla birbaşa bağlı bir missiya kimi görürdü. Onun elmi fəaliyyəti həm nəzəri dərinlik, həm də insana yönəlmiş humanist mahiyyət daşıyırdı.
Radiobiologiya sahəsində apardığı araşdırmalar – ionlaşdırıcı şüaların insan orqanizminə təsiri, Çernobıl qəzasının nəticələrinin öyrənilməsi, neft sənayesi işçilərinin sağlamlığı ilə bağlı tədqiqatlar – onun elmi irsinin əhəmiyyətli səhifələrindən sayılır. Bu tədqiqatlar yalnız laboratoriya divarları arasında qalmadı – onlar insanların gündəlik həyatında görünməyən, lakin dayanıqlı sağlamlıq dayaqlarına çevrildi.
“Sevin” və “Ambus” preparatlarının təsiri, immun stimulyasiyası, fermentlərin aktivliyi, zərərli mühit faktorlarının orqanizmə təsiri ilə bağlı layihələrdə onun imzası yalnız elmi nəticə deyil, həm də vətəndaş məsuliyyətinin təcəssümü idi.
1995-1998-ci illərdə apardığı radiobioloji və maqnitobioloji tədqiqatlara görə Sevil xanım Saqif Namazov adına mükafata layiq görüldü. 2012-ci ildə isə Səhiyyə Nazirliyinin Fəxri fərmanı ilə təltif olundu.
Sevil xanım özü kimi bir ziyalı – Azərbaycan elminə çoxsaylı ixtira və yeniliklərlə töhfə vermiş texnika elmləri doktoru, professor Mikayıl Bağırovla ömür-gün yoldaşı olmuşdu. Bu iki elm adamının birgə həyatı – bilik, intellekt və vətənpərvərlik üzərində qurulmuş birliyin simvoluna çevrilmişdi. Onlar yalnız öz sahələrində deyil, bütövlükdə Azərbaycan elminin və ziyalı mühitinin mənəvi simasında mühüm rol oynamışdılar.
Sevil xanımın həyatı ilə elmi arasında sərhəd yox idi. Onun araşdırmaları – İrəvanda kəsilmiş həyatların, parçalanmış talelərin bir növ elmdəki ifadəsi idi. Bəlkə də onun elmdəki dəqiqliyi, məsuliyyəti və prinsipiallığı məhz bu ağrılı yaddaşdan, bu mənəvi itkidən doğmuşdu.
Bu gün biz İrəvandan danışanda təkcə bir coğrafi məkandan deyil, həm də o torpaqda doğulub, zorla köçürülsə də ruhən sınmayan insanlardan danışırıq. Sevil xanım həmin insanlardandır – İrəvanın alim qızı, xalqının xidmətçisi, yaddaşımızın işıqlı daşıyıcısı.
Mən – İrəvan Şəhər İcmasının sədri olaraq, belə insanlarla qarşılaşdıqca bir həqiqəti daha dərindən anlayıram: biz yaddaşımız qədər varıq. Keçmişi yaşatmaq, qorumaq və gələcək nəsillərə ötürmək bizim mənəvi borcumuzdur. Sevil xanımın ömrü bu borcun ali nümunələrindən biridir.
Təəssüf ki, 2024-cü ildə biz nəcib insan, dəyərli alim Sevil xanım Bağırovanı itirdik. O, haqq dünyasına qovuşdu. Əminəm ki, Sevil xanımın adı təkcə elm tarixində deyil, onu tanıyan insanların yaddaşında da hörmətlə yaşamaqda davam edəcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.