Berlin, 1 iyul, AZƏRTAC
Danimarkanın Orxus şəhərində Əfqanıstan mənşəli 53 yaşlı şəxs casusluq ittihamı ilə həbs edilib.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, onun İran kəşfiyyat xidmətinin tapşırığı ilə Berlində yəhudi və İsrail tərəfdarı olan qurumları izlədiyi, mümkün hücumların planlaşdırılmasında iştirak etdiyi bildirilir. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Baş Federal Prokurorluğun açıqlamasında ittiham olunan şəxsin xarici dövlətin kəşfiyyat xidməti üçün fəaliyyət göstərməkdə şübhəli bilindiyi qeyd edilib. Həmin şəxsin iyun ayında üç obyekti, cümlədən Almaniya-İsrail Cəmiyyətini müşahidə etdiyi bildirilir.
Təqsirləndirilən şəxsin, eyni zamanda, “xarici dövlətin kəşfiyyat xidməti üçün fəaliyyət göstərməkdə ciddi şəkildə şübhəli bilindiyi” qeyd olunub. “Spiegel” qəzeti isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadası tərəfindən həmin şəxsə Berlində mümkün hücumların hazırlanması ilə bağlı tapşırıqlar verildiyini iddia edib.
Qeyd edək ki, ABŞ-ın İranın nüvə obyektlərinə hücumundan sonra Almaniya hökuməti ölkədəki təhlükəsizlik vəziyyətini yenidən qiymətləndirib. Təhlükəsizlik Kabinetinin Kansler Fridrix Mertsin rəhbərliyi ilə keçirilən iclasında ABŞ və İsrailin Almaniyadakı mədəniyyət qurumları və institutlarının təhlükəsizliyinin gücləndirilməsi qərara alınıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin