AZ

"Koronavirusun mənşəyi barədə sual açıq qalır" - ÜST hesabat yaydı

 
 "Ümumdünya Səhiyyə Təşkilatı Çindən daha çox şəffaflıq tələb edir..."
 
Üç il davam edən araşdırmalara və beynəlxalq səylərə baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatı pandemiyanın başlanğıcı ilə bağlı əsas sualı cavabsız qoyur: COVID-19 insanlara necə və haradan keçib?
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri yazıb.
 
Yeni yayımlanan hesabat ÜST-ün Yeni Patogenlərin Mənşəyi üzrə Elmi-Məsləhət Qrupu (SAGO) tərəfindən hazırlanıb. Bu qrupa 27 müstəqil beynəlxalq alim daxil olub. Onlar pandemiyanın ilk qaynağını müəyyənləşdirmək üçün yüzlərlə elmi araşdırmanı, sahə materiallarını, müsahibələri və hətta kəşfiyyat mənbələrini təhlil edib. Amma nəticə - hələ də yekun qərara gəlmək mümkün deyil.
 
Heyvandan keçmə ehtimalı daha güclü görünür
 
SAGO-nun araşdırmalarına rəhbərlik edən cənubi afrikalı virusoloq Marietji Venter bildirib ki, mövcud elmi sübutlar COVID-19-un heyvandan insana keçməsi versiyasını dəstəkləyir. Bu, ya birbaşa yarasalar vasitəsilə, ya da aralıq bir heyvan növü ilə baş vermiş ola bilər.
 
Uhan şəhərindəki canlı heyvan bazarında satılan bəzi növlərin insanlara virus keçirmək potensialı olduğu artıq bilinir. Amma digər versiyalar, xüsusilə də laboratoriya sızması ehtimalı tam istisna olunmayıb. Venterin sözlərinə görə, bu ssenarini nə təsdiqləmək, nə də inkar etmək mümkündür, çünki əsas məlumatlara çıxış hələ də yoxdur.
 
Əsas problem - məlumatların olmamasıdır
 
SAGO-nun hesabatı göstərir ki, Çin hökuməti tədqiqatçılara zəruri məlumatları təqdim etməyib. Söhbət ilk yoluxan insanların genetik məlumatlarından, Uhan bazarlarında satılan heyvanlarla bağlı sənədlərdən, eləcə də həmin şəhərdə yerləşən biolaboratoriyalarda aparılan təcrübələrə və təhlükəsizlik protokollarına dair məlumatlardan gedir.
 
Çin bu suallara cavab vermədiyi üçün elmi qrupun öz qiymətləndirməsini tamamlamağı mümkünsüz olub. ÜST-nün baş direktoru Tedros Adhanom Qebreyesus bu məqamı xüsusi vurğulayaraq bildirib: "Biz Çinə və digər ölkələrə müraciət edirik ki, əllərində olan hər bir məlumatı bizimlə bölüşsünlər. Yalnız beləliklə gələcək pandemiyalara qarşı daha hazırlıqlı ola bilərik".
 
Siyasi təzyiqlər, fərqli baxışlar və istefalar
 
Hesabatın nəşri ilə yanaşı, təşkilat daxilində də müəyyən narazılıqlar yaşanıb. Bir neçə alim nəticələrlə razılaşmadığı üçün ya qrupu tərk edib, ya da adlarının hesabatdan çıxarılmasını istəyib. Bu, məsələnin elmi deyil, həm də siyasi və etik tərəflərinin olduğunu göstərir.
 
Venter də bu məsələyə toxunaraq deyib ki, laboratoriyadan sızma versiyası daha çox siyasi motivli spekulyasiyadır və onu dəstəkləyən elmi sübut yoxdur. Amma o, əlavə edib ki, "bütün versiyalar hələ də masadadır" və yeni faktlar ortaya çıxanadək heç birini tam bağlamaq düzgün olmazdı.
 
Bu, yalnız bir elmi məsələ deyil
 
Venterin sözlərinə görə, SARS-CoV-2-nin mənşəyini anlamaq yalnız akademik maraq üçün deyil, gələcək pandemiyaların qarşısını almaq, həyatları və dolanışıq vasitələrini qorumaq üçün də vacibdir. "Bu, həm elmi, həm də etik bir məsələdir. Biz təkcə keçmişi anlamağa çalışmırıq, gələcəyi qorumaq istəyirik", - o, bildirib.
 
ÜST həmçinin əlavə edir ki, tədqiqatlar hələ başa çatmayıb və istənilən yeni, etibarlı məlumat qurum tərəfindən qəbul ediləcək və nəzərdən keçiriləcək. Təşkilatın hesabatı pandemiyanın necə başladığı barədə qlobal bir konsensusun hələ formalaşmadığını göstərir.
 
Vəziyyətin siyasi fonu
 
ABŞ prezidenti Donald Tramp əvvəldən bəri virusun Çin biolaboratoriyasından sızması versiyasını dəstəkləyir və bu məsələdə Çini birbaşa ittiham edir. Tramp administrasiyası məhz bu səbəbdən 2020-ci ildə ABŞ-ı ÜST-dən çıxarlb. Bu siyasi addım elmi əməkdaşlığı daha da çətinləşdirib.
 
Nəticə etibarilə, pandemiyanın mənşəyi ilə bağlı sual hələ də açıq qalır. Qəti cavab isə yalnız bir halda mümkün olacaq - əgər Çindən və digər potensial mənbələrdən tam, şəffaf və elmi cəhətdən yoxlanıla bilən məlumatlar təqdim olunarsa. O vaxta qədər isə dünya yalnız ehtimallar üzərində dayanaraq gələcək pandemiyalar üçün dərs çıxarmağa çalışacaq.
Seçilən
19
22
moderator.az

10Mənbələr