AZ

Türk bazaları yenidən gündəmdə: Bakı Rusiya təhdidinə qarşı bu “silahı” işə sala bilər

Siyasi analitik Eldar Namazov Rusiyada azərbaycanlılara hücumu nəzərə alaraq bildirir ki, Azərbaycan öz ərazisində Türkiyə hərbi bazasının yerləşdirilməsini düşünməlidir. O, həmçinin Pakistanın hərbi hava məkanına icarə əsasında baza vermək imkanını da qeyd edir.

Eldar Namazov kifayət qədər təcrübəli və məlumatlı şəxsdir. Onun fikirləri emosional səslənsə də, bu təkliflərin arxasında rasional təhlükəsizlik narahatlıqları dayanır. Azərbaycanın Türkiyə və Pakistan hərbi bazalarını öz ərazisində yerləşdirməsi bölgədə artan geopolitik gərginlik fonunda nəzərdən keçirilə biləcək ehtimallardandır.

Hazırda həm Rusiya, həm də İran Azərbaycana birbaşa və dolayı yollarla təzyiq göstərir. Rusiyada azərbaycanlılarla bağlı son hadisələr, eləcə də İranın İsrailə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddialar ölkənin təhlükəsizlik dilemmasını daha da dərinləşdirir.

Bu kontekstdə Azərbaycan müttəfiq dövlətlərlə, xüsusilə Türkiyə və Pakistanla hərbi əməkdaşlıq imkanlarını genişləndirməklə “qabaqlayıcı müdafiə” prinsipinə uyğun addımlar ata bilər. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi onsuz da ehtiyac yaranacağı təqdirdə hərbi yardım almaq imkanını özündə ehtiva edir. Pakistanla qarşılıqlı dostluq və dəstək fonunda isə belə bazaların yaradılması nəzəri baxımdan mümkündür.

Lakin hərbi bazaların yerləşdirilməsi yalnız təhlükəsizlik maraqları ilə məhdudlaşmır. Bu addım Azərbaycanın xarici siyasətində balans prinsipinə zidd ola bilər. Hazırda Rusiya və İranla aradakı gərginlik olsa da, bu dövlətlərlə münasibətlər tamamilə kəsilməyib. Üstəlik, Azərbaycana qarşı xarici müdaxilə və ya hərbi qarşıdurma vəziyyəti yoxdur.

Misal üçün, Rusiya Ukraynada müharibə aparır və ordusu, iqtisadiyyatı ciddi yüklənib. Bu şəraitdə Azərbaycana müdaxilə riski yüksək deyil və belə addım Rusiyaya baha başa gələr. Həmçinin, Azərbaycanla açıq müharibə Türkiyənin müdaxiləsini şərtləndirə bilər ki, bu da Rusiyanın istəmədiyi bir ssenaridir.

Hazırda Rusiya ilə gərginlik hərbi qarşıdurma həddində deyil və belə bir vəziyyətin yaranması çox çətindir. Azərbaycan heç bir ölkənin təzyiqinə boyun əyməyəcək gücdədir. Bakı reallıqları yaxşı bilir və addımlarını buna uyğun atır. Belə qərarlar emosiyalara deyil, dərin təhlil və diplomatik çevikliyə əsaslanır.

turan

Turan Rzayev
Globalinfo.az

Seçilən
18
50
turkustan.az

10Mənbələr