AZ

Magistraturaya gedən yolda ilk addım -Ekspert vacib məsləhətlər verdi

Elçin Əfəndi: “Ixtisas seçimi gələcək karyeranı müəyyənləşdirə bilər”


İxtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 7 – 13 iyul 2025-ci il tarixlərində seçim etməlidirlər.
Bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, iştirakçılar ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi zamanı istifadə olunan magistratura ixtisaslaşmalarının bakalavr ixtisaslarına uyğunluq cədvəlinin (“Magistr” №3, 2025) son variantını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan və qəbul planı isə bu həftə ərzində “Magistr” №4 jurnalında dərc olunacaq.

Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu mərhələdə bakalavrlar bir sıra mühüm meyarlara xüsusi diqqət yetirməlidirlər:

“Əvvəla, iştirak etdikləri ixtisas üzrə neçə namizədin müsabiqəyə buraxıldığı, ayrılmış plan yerlərinin sayı, son 3–4 il ərzində formalaşmış keçid balları və digər statistik göstəricilər nəzərə alınmalıdır. Bu məlumatlar seçim zamanı daha real və məqsədyönlü qərarların verilməsinə töhfə verə bilər. Əgər bakalavrlar gələcəkdə elmi fəaliyyətlə məşğul olmağı, elmi dərəcə əldə etməyi düşünürlərsə, bu halda ixtisaslarını davam etdirmələri tövsiyə olunur. Belə yanaşma onların akademik istiqamətdə davamlı inkişafını təmin edə bilər. Əks halda, yəni fərqli bir karyera istiqamətinə yönəlmək istəyən bakalavrlar üçün ixtisas dəyişikliyi də mümkün və məqsədəuyğun ola bilər. Bu halda əmək bazarının təhlili xüsusi önəm kəsb edir. Yəni hansı ixtisaslara real tələbat mövcuddur, hansı sahələr daha perspektivlidir və məzunların məşğulluq imkanları necə formalaşır kimi faktorlar nəzərə alınmalıdır. Həmçinin, ödənişli əsaslarla təhsil almaq imkanını dəyərləndirən bakalavrlar üçün keyfiyyətli təhsil təklif edən və əmək bazarında rəqabətqabiliyyətli kadr hazırlayan ixtisaslara üstünlük verilməsi vacibdir. Seçim mərhələsi həm tələbənin akademik planlarının, həm də peşəkar inkişaf perspektivlərinin müəyyən olunmasında mühüm rol oynayır. Ümid edirəm ki, müsabiqədə iştirak edən bütün bakalavrlar uğurlu nəticə əldə edərək magistratura pilləsinə qəbul olacaqlar”.
Seçilən
12
18
sherg.az

10Mənbələr