AZ

Yaşayış yeri üzrə necə qeydiyyata düşmək olar?

Metbuat saytına istinadən ain.az xəbər verir.

Bakı və bölgələrdə ev alqı-satqısı ilə bağlı vətəndaşların tez-tez üzləşdiyi problemlərdən biri də qeydiyyat məsələsidir. Bəzən vətəndaşlar aldıqları mənzilə qeydiyyata düşməkdə çətinlik çəkir, ya da evdə əvvəldən qeydiyyatda olan şəxslər satış zamanı çətinlik yaradır. Bəs ev üzrə qeydiyyata necə düşmək olar?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc Metbuat.az-a açıqlamasında bildirib ki, bir şəxsin hər hansı bir evə qeydiyyata düşməsi üçün orada artıq qeydiyyatda olan şəxslərin razılığı mütləqdir. Əgər razılıq varsa, qeydiyyata düşmək mümkündür:

“Əgər bir ev satılırsa, həmin mənzilin qeydiyyat siyahısı ilə bağlı arayış təqdim olunmalıdır. Evdə qeydiyyatda olan şəxslər varsa, həmin mənzilin alınması məqsədəuyğun sayılmır. Çünki qeydiyyatda olan şəxsin razılığı olmadan bu alqı-satqı hüquqi problemlərə səbəb ola bilər. Bu şəxs gələcəkdə həmin mülkiyyət üzərində iddia qaldıra bilər və nəticədə evin sahibi həmin əmlak üzərində sərəncam verməkdə çətinlik çəkə bilər. Mülkiyyət hüququ tamdır və bu hüququn icrası zamanı evdə qeydiyyatda olan şəxslərin razılığı tələb olunur. Hətta qeydiyyatda olan şəxs övlad olsa belə, valideynlər onun yetkinlik yaşına çatdıqdan sonra notariat qaydasında razılıq ərizəsini təqdim etməlidirlər. Bu ərizədə onların əmlakın alqı-satqısı ilə bağlı hər hansı etirazlarının olmadığı göstərilməlidir”.

V.Orucun sözlərinə görə, əgər bir evdə kimsə qeydiyyatdadırsa, bu, onun həmin əmlakda müəyyən paya sahib olması anlamına gəlir:

“Həmin şəxs bu pay üzərində sərəncam hüququna malik ola bilər. Ona görə də həm kommunal xidmətlər və digər öhdəliklər üzrə borcun olub-olmaması barədə arayış, həm də mənzildə heç kimin qeydiyyatda olmaması ilə bağlı arayış təqdim edilməlidir. Digər tərəfdən, əgər alqı-satqı çıxarış sənədi əsasında aparılırsa, çıxarışda həmin əmlakın sahibi olan şəxsin adı və soyadı qeyd olunur. Bu şəxs alqı-satqı prosesində notarius vasitəsilə birbaşa iştirak edərək sənədləri imzalamalıdır. Mütləq şəxslərin özü prosesdə iştirak etməlidir. Əgər bu şəxs ölkədə deyilsə, o zaman etibarnamə ilə səlahiyyət verdiyi şəxs onun adından bu prosesi apara bilər”.

Ekspert qeyd edib ki, müvəqqəti və ya daimi qeydiyyat məsələləri həyata keçirilərkən gələcəkdə yaranacaq hüquqi prosedurlar nəzərə alınmalıdır:

“Hətta yaxın qohum olsa belə, qeydiyyatda olan şəxs gələcəkdə həmin əmlakla bağlı iddia irəli sürə və əmlakdan pay tələb edə bilər. Belə hallara keçmişdə daha çox söküntü zamanı rast gəlinib. O zaman qeydiyyatda olan şəxslərin sayının çox olması kompensasiya məbləğinin artmasına səbəb olurdu. Lakin hazırda bu praktika keçmişdə qalıb. Hazırda kompensasiya konkret əmlakın sahəsinə – kvadrat metrlərə görə ödənilir”.

Mütəxəssis qeydiyyata düşmək üçün lazım olan sənədləri də açıqlayıb:

“Alqı-satqı prosesi zamanı əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd mütləq olmalıdır. Əmlakın üzərində yüklülük və ya həbs olması barədə məlumat isə Daşınmaz Əmlakın Dövlət Xidməti tərəfindən verilən arayışla təsdiq olunur. Bu arayış sistem vasitəsilə əldə edilir və xüsusi olaraq ayrıca sənəd almağa ehtiyac yoxdur. Əgər mülkiyyət sahibi nikahdadırsa, nikah haqqında şəhadətnamə və tərəflərin razılığını təsdiq edən notarial qaydada təsdiq olunmuş sənəd təqdim edilməlidir. Həmçinin, əgər ər-arvadın həddi-buluğa çatmış uşaqları varsa, onların razılığı da alınmalıdır. Yaşayış evində, mənzildə və ya digər əmlak növlərində qeydiyyatda olan, yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notarial razılığı zəruridir. Bundan sonra qeydiyyatdan çıxarılma prosesi həyata keçirilir. Alqı-satqı başa çatdıqdan sonra əvvəlki qeydiyyat ləğv olunur və yeni mənzili alan şəxsin qeydiyyatı təsdiqlənir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
45
metbuat.az

10Mənbələr