AZ

MDU Məzun Günü tədbiri keçirilib: 878 tələbə və magistrant məzun adını qazanıb

2025-ci il iyunun 30-da Mingəçevir Dövlət Universitetində (MDU) 2024/2025-ci tədris ili üzrə ali təhsil müəssisəsini uğurla başa vuran tələbələr üçün Məzun Günü tədbiri keçirilib.


AzEdu.az xəbər verir ki, Universitetin həyətində təşkil olunan tədbirdə şəhid ailələrinin üzvləri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev, Mingəçevir şəhər Prokuroru Qabil Səfərov, Azərbaycan Silahlı Qüvvələrinin Polkovniki, Vətən Müharibəsi Qəhrəmanı, “N” saylı hərbi hissənin komandiri Elnur Qebedov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində sədrin müşaviri-katib Elşad Novruzov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, professor-müəllim heyəti, tələbələr, magistrantlar, onların valideynləri və digər qonaqlar iştirak ediblər.


Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbir iştirakçılarını salamlayan universitetin rektoru Anar Eminov məzunları, onların valideynlərini və müəllimlərini səmimi qəlbdən təbrik edib. Belə əlamətdar gündə MDU kollektivi ilə bir arada olan şəhid ailələrinə, şəhər rəhbərliyinə, rəsmilərə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, tərəfdaş qurumlara və digər qonaqlara təşəkkürünü bildirib.


Rektor qeyd edib ki, cari ildə 878 tələbə universiteti bitirərək məzun adını qazanıb. A.Eminov bildirib ki, bu gənclər artıq müasir Azərbaycanın gələcəyinə yön verəcək, ölkənin inkişafında fəal rol oynayacaq bir nəslin nümayəndələrinə çevriliblər.
O, MDU-nun yalnız ali təhsil müəssisəsi deyil, həm də regionun elmi-intellektual mərkəzinə çevrildiyini vurğulayıb. Rektor əlavə edib ki, Azərbaycanın bu gün qazandığı nailiyyətlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü inkişaf strategiyasına əsaslanır. Hazırda ölkənin sosial-iqtisadi və elmi-mədəni həyatında mühüm dönüş nöqtələrinin yaşandığı xüsusi vurğulanıb.


Rektor 2020-ci ildə əldə olunan tarixi Zəfərin 5-ci ildönümünün qeyd olunduğu bu dövrdə gənclərin vətənpərvərlik, dövlətçilik və milli dəyərlərə sədaqət ruhunda yetişməsinin əhəmiyyətini də diqqətə çatdırıb. Şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının vacibliyi də vurğulanıb.
Nitqinin sonunda Anar Eminov məzunlara yeni həyat mərhələsində uğurlar arzulayıb, onların həm peşəkar mütəxəssis, həm də cəmiyyətə töhfə verən layiqli vətəndaşlar olacaqlarına inamını ifadə edib.
Tədbirin fəxri qonaqlarından olan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək belə bir önəmli gündə məzunlarla birgə olmaqdan məmnunluğunu bildirib, gəncləri təbrik edib. O qeyd edib ki, bu gün təkcə məzunlar deyil, həm də onların ailələri, müəllimləri və ümumilikdə cəmiyyət üçün bayramdır.

Gənclərə müraciətlə bildirib ki, bu mərhələ onların həyatında yeni bir başlanğıcdır və burada qazandıqları bilik və dəyərlər onlara düzgün yol göstərəcək. O, məzunların dürüstlük, zəhmətkeşlik və vətənpərvərlik kimi prinsiplərə sadiq qalmaqla böyük uğurlar əldə edə biləcəklərinə əmin olduğunu qeyd edib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə çıxışında gənclərin təhsil alaraq cəmiyyətin fəal vətəndaşlarına çevrilməsinin önəmini vurğulayıb, məzunları və onların ailələrini ürəkdən təbrik edib. O bildirib ki, təhsil hər bir cəmiyyətin inkişafını təmin edən əsas sütunlardan biridir və MDU bu baxımdan ölkəmizin regionları üzrə inkişaf strategiyasında mühüm rol oynayan ali təhsil müəssisələrindən biridir.


Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri – katib Elşad Novruzov çıxışında təhsil sahəsindəki son uğurlardan bəhs edib və MDU-nun bu sahəyə verdiyi töhfələri yüksək qiymətləndirib. O, məzunların əmək bazarında rəqabətə davamlı və cəmiyyətə faydalı kadrlar kimi yetişdiyini vurğulayıb, onlara uğurlar arzulayıb.


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov çıxışında MDU tələbələrinin ictimai fəallığını və ölkə gənclər siyasətindəki fəal iştirakını önə çəkib. O, məzunlara gələcəkdə də cəmiyyətə faydalı təşəbbüslərlə çıxış etməyi, daim yenilikçi və məsuliyyətli vətəndaşlar olaraq fəaliyyət göstərməyi tövsiyə edib.
Tədbirin rəsmi hissəsində MDU-da müxtəlif illərdə təhsil almış və Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş məzunlar – Oruc Nəcəfli, Kənan Abdullayev, Əzəmi Hüseynov, Yusif Cəfərov və Faiq Həsənovun, eləcə də 2022-ci il sentyabrın 13-də Ermənistanın dövlət sərhədində törətdiyi təxribat zamanı şəhid olmuş Qorxmaz İsgəndərovun xatirəsi ehtiramla anılıb. Onların ailə üzvləri səhnəyə dəvət olunaraq təltif edilib, hədiyyələr təqdim olunub.


Həmçinin Vətən müharibəsində iştirak etmiş universitet əməkdaşları və məzunları da diqqətdən kənarda qalmayıb. Onların qəhrəmanlığı və vətənpərvərliyi tədbirdə xüsusi qeyd olunub. MDU-nun 6 əməkdaşı və 17 məzununa fəxri fərmanlar və hədiyyələr təqdim olunub.


Tədbirdə övladları MDU-da təhsil alan şəhidlər – Niyazi İsgəndərov və Yasən Əhmədovun, eləcə də 2016-cı ilin Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış Rahim Tağıyev, Rüstəm Əhmədov, Adil Adilzadə və Teymur Qasımovun əziz xatirəsi hörmətlə anılıb, onların ailə üzvlərinə də universitet tərəfindən təltiflər təqdim olunub.
Tədbirin davamında MDU-da sosial fəaliyyəti ilə seçilən, universitetin ictimai-mədəni həyatında fəal iştirak edən məzunlara təşəkkürnamələr və hədiyyələr təqdim olunub. Onların göstərdikləri təşəbbüskarlıq və fəallıq qeyd olunaraq, digər tələbələr üçün nümunə göstərilib.


Daha sonra yüksək akademik göstəricilərlə tədris müddətini başa vurmuş tələbələr – fakültə və universitet birinciləri, eləcə də universitetin sosial həyatında fəallığı ilə seçilən Tələbə Gənclər Təşkilatının sədri Aslan Ələkbərzadə fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Tədbirin rəsmi hissəsindən sonra məzunlar üçün təşkil olunmuş ənənəvi “papaqatma” mərasimi baş tutub. Ardınca bədii və əyləncəvi hissə ilə davam edən tədbirdə iştirakçılar əsl bayram ab-havası yaşayıblar. Tanınmış reper Qurd, "Dərviş Band" qrupu və gənc ifaçı Vaqif Nağıyev öz mahnıları ilə tədbirə rəng qataraq məzunları təbrik ediblər.


Tədbir atəşfəşanlıqla başa çatıb və məzunlar üçün yaddaqalan bir günə çevrilib.
Qeyd edək ki, tədbirdə “PepsiCo” şirkəti tərəfindən yeni məhsulları olan manqo meyvəli "Pepsi" içkiləri, həmçinin "Bakcell" şirkəti tərəfindən tələbələrə pulsuz nömrələr təqdim olunub.

Seçilən
3
44
azedu.az

10Mənbələr