AZ

"Microsoft"un AI doktoru MAI-DxO həkimləri dörd dəfə üstələdi

"Microsoft" korporasiyası tibbi diaqnostika sahəsində yeni süni intellekt sistemini – MAI-DxO-nu təqdim edib. 

Valyuta.az xəbər verir ki, "Financial Times"ın məlumatına görə, bu sistem ən çətin klinik hallar üzərində aparılan sınaqlar zamanı insan həkimləri ilə müqayisədə dörd dəfə yüksək dəqiqlik nümayiş etdirib.

Yeni texnologiya beş fərqli İİ agentindən ibarət bir növ "konsilium" prinsipinə əsaslanır. Onlar birlikdə məlumatları təhlil edərək diaqnoz qoyur.

Sınaqlar "New England Journal of Medicine" jurnalından götürülmüş 304 mürəkkəb klinik hal əsasında aparılıb. Nəticədə, MAI-DxO 85,5% dəqiqlik əldə edib. Müqayisə üçün qeyd olunur ki, eyni şəraitdə çalışan həkimlərin nəticəsi təqribən 20% təşkil edib.

Qeyd olunur ki, həkimlər sınaq zamanı məlumat bazalarına və həmkarları ilə məsləhətləşmək imkanına malik olmayıb, bu isə onların göstəricilərinə təsir edə bilərdi.

Yüksək dəqiqliklə yanaşı, sistem həm də artıq testlərin sayını azaldaraq tibbi xərclərin optimallaşdırılması potensialını nümayiş etdirib. "Microsoft" bu texnologiyanı "Copilot" və "Bing" kimi kütləvi məhsullarına inteqrasiya etməyi nəzərdən keçirir.

Bununla belə, texnologiya müəllifləri bildirir ki, MAI-DxO hələ klinik praktikaya tam hazır deyil. Onların sözlərinə görə, sistemin real şəraitdə genişmiqyaslı sınaqlardan keçməsi və daha da təkmilləşdirilməsi vacibdir.

Paşa Məmmədli
 

Seçilən
40
50
valyuta.az

10Mənbələr