Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Ukrayna lideri özünün rəsmi “Telegram” kanalında paylaşıb.
Zelenski bildirib ki, söhbət zamanı İlham Əliyevə Ukraynaya, Ukrayna xalqına və ölkənin ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü çatdırıb. O, həmçinin Rusiyanın Azərbaycan vətəndaşlarını təhqir etdiyi və Azərbaycan Respublikasına qarşı hədə-qorxu gəldiyi bir şəraitdə Ukraynanın açıq dəstəyini ifadə etdiyini xüsusi vurğulayıb.
Telefon danışığında Zelenski Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı Səfərov qardaşlarının qətlə yetirilməsi ilə bağlı başsağlığı verib. Ukrayna lideri əmin olduğunu bildirib ki, bu hadisə ilə bağlı bütün faktlar araşdırılacaq və ədalət təmin olunacaq.
“Biz Prezident Əliyevlə eyni baxışa malikik: hər bir insanın həyatı və ləyaqəti qorunmalıdır”, – deyə Zelenski qeyd edib.
Tərəflər həmçinin iki ölkə arasında enerji və humanitar sahələrdə əməkdaşlığı, eləcə də iqtisadi münasibətləri müzakirə ediblər. Danışıq zamanı Azərbaycan və Ukrayna arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə olunub. Zelenskinin sözlərinə görə, hər iki ölkənin hökumət üzvləri bu istiqamətdə işi daha da fəallaşdıracaqlar.
Musavat.com