AZ

Ukraynaya cəza, Rusiyaya mükafat siyasətinə son veriləcəkmi?

Trampın Putinlə son telefon danışığı haqqında rəsmi informasiya yayılmazdan qabaq, bu danışığın mahiyyətinin əvvəlki danışıqlardan heç nə ilə fərqlənməyəcəyi məlum idi və elə də oldu. Putinin telefon danışığından əvvəl gülə-gülə dediyi “danışığa geciksəm Tramp inciyər” ifadəsi əslində Trampa hörmət göstərməkdən çox , onu qeyri-ciddi biri kimi zarafat hədəfinə çevirməyi xatırladırdı. Ola bilsin ki, ifadə qeyri-siyasi təəssürat yaratsın, amma 20 yanvar 2025-ci ildən bəri Putin Trampı elə vəziyyətə salıb ki, hər telefon danışığından sonra Putinin üzündə yaranan təbəssüm, bu dəfə artıq özündən razı qalmağın, qarşısındakını necə əzməsini əks etdirən lovğalığın nümayişinə bənzəyirdi. Tramp isə başını aşağı salıb: “bu dəfə də Ukrayna müharibəsi ilə bağlı irəliləyiş olmadı” deməklə, acizliyini göstərdi. Bu mənzərədən sonra adam az qalır desin ki, “o, 24 saata müharibəni qurtarmağı deyən Tramp dedikləri sənsən? Alə, sən nə gündəsən , Donald”.  
 

Bəs, gücü nəyə çatır, tez-tez “mən prezident olsaydım müharibə olmazdı” deyən Trampın? Cavab aydındır: indiyədək apardığı siyasətə görə Ukraynaya silah verməməyə, bir də Zelenskiyə. Ukraynaya silah verib-verməmək barədə neçə gündür qeyri-müəyyən vəziyyət yaranıb. Nəhayət, dünənki açıqlamasında “ biz silah verəcəyik, amma Bayden onlara silah verməklə ölkəmizi boşaldıb. Biz inanmalıyıq ki, özümüzün kifayət qədər silahı var”. Yəni, damcı-damcı verəcəyik. Amma, Rusiyaya da sanksiya tətbiq olunmasına mane olmaqda davam edir və Rusiya da əsas gəlir mənbəyi olan neftini istədiyi kimi sata bilir. 
 

İki gün öncə Çinin xarici işlər naziri Vanq Yi Avropa İttifaqının diplomatıya başçısı Kaja Kallasa bildirib ki, Pekin Rusiyanın Ukraynadakı məğlubiyyətinə tab gətirə bilməz. Bu mövqenin səbəbi kimi  də Çinin “ABŞ-ın bütün diqqətini Pekinə yönəldəcəyindən qorxmasını” göstərib. Özünün əsas hədəfi hesab etdiyi Çinin açıq şəkildə Rusiyanı müdafiə etdiyini bilirsə, Tramp niyə Putinə təzyiq göstərmir?
 

Təzyiq deyəndə ilk növbədə ABŞ tərəfindən Rusiyaya sanksiyaların qəbul edilməsi nəzərdə tutulur. Yeni sanksiyaların olmayacağından arxayın olan Putin Ukraynaya hücumlarını davam etdirir. Ümumiyyətlə, hər telefon danışığı Putinə əlavə cəsarət verir və birbaşa paytaxt Kiyevi raket, dron atəşinə tutur. 
 

Tramp isə hər telefon danışıqlarından sonra növbətçi ifadələrini səsləndirir: “ Putinlə danışıqdan sonra mütəəssir oldum”, “ o, müharibəni bitirmək istəmir”, “ yenə günahsız insanlar ölürlər” və sairə eyni məzmunlu açıqlamalar. O zaman sual olunur, əgər Kreml sahibi sistemli şəkildə ABŞ prezidentini əliboş yola salırsa, nədən özündə qürur tapıb Moskva ilə sərt ritorikaya keçmir və konqresmenlərin hazırladığı sanksiya layihələrinin qəbuluna mane olur? Üstəlik, Ukraynaya silah verilməsində tərəddüd Putinə daha inamlı olmağa imkan verir. 
 

Proses bu cür davam edərsə, Ukrayna müdafiə qabiliyyətini qoruyub saxlaya bilərmi?

Odessa, Xarkov, Sumı və Dnepr şəhərlərinin Putinin növbəti işğal hədəfi olması mümkündürmü? Avropa İttifaqı və Böyük Britaniyanın Ukraynaya yardımları ən azı indiki status -kvonu qoruyub saxlaya biləcəkmi? Suallar çoxdur və NATO ölkələri səbirsizliklə Trampdan ciddi və sərt addımlar gözləyir və müharibədən Rusiyanın qalib kimi ayrılmasının yalnız Ukrayna ilə bitməyəcəyinin fərqindədirlər.
 

Yazını bu yerdə bitirməyi fikirləşəndə məlum oldu ki, Tramp bu gün də Zelenski ilə telefon danışığı aparacaq. Hər ehtimala qarşı, bu danışığın bəlkə Trampda “U”dönüşü yarada biləcəyini düşünərək nəticələri gözləməyi məqsədəuyğun hesab etdim. Danışıq baş tutdu, “U” dönüşü olmasa da, nisbətən ümidverici perspektivlərin işarətləri hiss olundu. Ukrayna liderinin sözlərinə görə, o, Trampla “çox vacib və faydalı söhbət” edib.
 

Kiyev və Vaşinqton Ukrayna səmasının mühafizəsini gücləndirməyə çalışacaq. Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra bu fikirləri sosial şəbəkə hesabından paylaşıb.

Tramp Zelenskiyə söz verib ki, Ukraynaya hərbi yardımın dayandırılmasının səbəblərini araşdıracaq. Tramp bu sözlərində səmimidirmi? Pentaqon prezidentin xəbəri olmadan doğrudanmı Ukrayna üçün nəzərdə tutulan 20.000 zenit raket kompleksini İsrailə göndərə bilərmi? Ümid edək ki, yaxın keçmişdə nə baş verməsindən asılı olmayaraq, ABŞ Ukraynaya hərbi yardımı davam etdirəcək. Bu, yalnız Ukraynanın müdafiəsi deyil, həm də bütün Avropanın, postsovet ölkələrinin təhlükəsizliyi baxımından olduqca vacibdir.Əks halda şimal təhlükəsi çox qapını döyəcək.

İlham İsmayıl

Seçilən
5
17
moderator.az

10Mənbələr