AZ

Fransa nüvəni Ermənistana hansı ölkənin üzərindən daşıyır?..


Tural İsmayılov: "Təhlükəli radioaktiv yüklərin Dilican Milli Parkına daşınması sıradan logistika deyil – bu, hərbi və siyasi məqsəd daşıyan, Azərbaycana qarşı ekoloji sabotajdır"

"Environmental Protection First (EPF)” Koalisiyası Fransanın urantərkibli radioaktiv tullantıları Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsi ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir: “Biz – “Environmental Protection First (EPF)” Koalisiyasının üzvləri Fransanın nüvə yanacağı nəhəngi - “Orano” dövlət şirkətinin urantərkibli radioaktiv tullantıların bir hissəsini Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsini Azərbaycana qarşı yeni ekoloji müharibə kimi qiymətləndiririk.

Fransa mediasının məlumatlarına (https://courrierfrance24.fr/orano-envoie-secretement-des-dechets-dangereux-en-armenie-et-fait-des-dons-mysterieux-a-une-fondation-liee-au-premier-ministre-armenien) görə, bu prosesə 2025-ci ilin iyunundan başlanılıb, nüvə tullantılarının ilk hissəsi artıq Ermənistanın Dilican Milli Parkının ərazisinə yerləşdirilib. Göyçə gölünün şimalında olan bu park bütünlüklə Ağstafa çayının hövzəsində 1100-2800 metr yüksəklikdə yerləşir. Su axıntıları Ağstafa çayı vasitəsilə Kür çayına daşınır. Parkın ərazisi Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarına yaxın olduğu üçün bütövlükdə Azərbaycanda biomüxtəliflik təhdid altındadır.

Fransa mediasının araşdırmaları göstərir ki, urantərkibli radioaktiv tullantıların Ermənistana ixrac edilməsi bu ilin fevralında Parisdə Makron-Paşinyan görüşündə razılaşdırılıb, ardınca Paşinyanın arvadı Anna Ankopyanın “Mənim Addımım” Fondunun hesabına, bu sövdələşmənin mükafatı olaraq, fransız şirkətindən böyük məbləğdə şübhəli ianələr daxil olub".

Fransanın nüvə tullantıları Ermənistana necə və hansı marşrutla daşınır?

Məsələ ilə bağlı baki-xeber.com-a danışan politoloq Tural İsmayılov bildirdi ki, Fransanın “Orano” dövlət şirkətinin urantərkibli radioaktiv tullantıları Ermənistana daşıması yalnız ekoloji deyil, həm də geosiyasi təxribatdır: "Bu, Parisin Cənubi Qafqazda balanslı siyasət deyil, açıq ermənipərəst xətt yürütməsinin növbəti sübutudur. Bəhs olunan tullantıların marşrutu tam açıqlanmasa da, ehtimal olunur ki, Fransa tullantıları Qara dəniz üzərindən Gürcüstan limanlarına, oradan isə quru yolu ilə Ermənistana çatdırır. Ermənistanın Rusiya və İranla dəmir yolu bağlantıları da bu işdə logistik alternativ kimi istifadə oluna bilər. Lakin təhlükəli radioaktiv yüklərin Dilican Milli Parkına daşınması sıradan logistika deyil – bu, hərbi və siyasi məqsəd daşıyan, Azərbaycana qarşı ekoloji sabotajdır.

Bu ərazi təkcə Ermənistanın ekosistemi üçün deyil, Azərbaycanın da Gədəbəy, Tovuz, Ağstafa və Qazax bölgələri üçün bilavasitə təhlükədir. Çünki burada yerləşdirilən tullantıların su axını vasitəsilə Kür çayına çatması, nəticədə on minlərlə insanın içməli su resurslarının çirklənməsi ilə nəticələnə bilər. Belə vəziyyətdə Fransa həm beynəlxalq hüququ, həm də ekoloji təhlükəsizlik prinsiplərini kobud şəkildə pozur. Bütün bu faktlar Makron-Paşinyan görüşü zamanı gizli razılaşmaların aparıldığını sübut edir. Hətta Fransa mediası yazır ki, bu saziş qarşılığında Paşinyanın arvadına məxsus “Mənim Addımım” Fonduna böyük məbləğdə ianələr yatırılıb.

Beləliklə, Fransa “ekologiya” adı altında korrupsiya, “yaşıl enerji” pərdəsi altında isə bioloji sabotaj həyata keçirir. Bu, sadəcə tullantı deyil – Azərbaycana qarşı “tullantı diplomatiyası”dır. Avropa İttifaqının üzvü olan Fransa belə əməllərlə regionda sabitliyi pozur və Ermənistanı yeni ekoloji cinayətlərə təşviq edir. Beynəlxalq təşkilatlar bu təhdidə reaksiya verməzsə, sabah bu tullantılar Azərbaycan sərhədi ilə kifayətlənməyib, Avropa sərhədinə doğru yol ala bilər".

Dəniz NƏSİRLİ

Seçilən
2
1
baki-xeber.com

10Mənbələr