Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Avropa İttıfaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Kaya Kallasın bugünlərdə Ermənistana baş tutan səfəri bir sıra məqamlarla yadda qalıb. Onun səfəri zamanı regionda vəziyyət və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsi də diqqət mərkəzində olub. Həm baş nazir Paşinyan, həm də xarici işlər naziri Mirzoyanla görüşən xanım Kallas deyib ki, Brüssel Ermənistan-Azərbaycan ikitərəfli danışıqları zamanı qeydə alınan, regionda sabitlik və sülhün bərqərar olması üçün əsas ola biləcək müsbət irəliləyişi qeyd etməkdən məmnundur. Ali nümayəndə burada ikitərəfli əsasda aparılan danışıqların nəticəsi kimi sülh sazişi layihəsinin mətninin razılaşdırılmasına diqqət çəkib. “İkitərəfli münasibətlərin normallaşması istiqamətində əldə edilən irəliləyiş bizi sevindirir və ruhlandırır. Çünki Ermənistan və Azərbaycan arasında münasibətlərin yaxşılaşması regionda davamlı sülhə yol aça bilər”-deyə K.Kallas vurğulayıb.
Aİ və Ermənistanı bir-birinə “yaxınlaşdıran” səbəb
Səfər zamanı ali nümayəndə Aİ-nin Ermənistana isti münasibətini də açıq ifadə edib və qarşılıqlı əlaqələrin genişlənməsində maraqlı olduqlarını söyləyib. Ermənistan vətəndaşlarının Aİ məkanına gediş-gəlişinin sadələşdirilməsi istiqamətində nəzərdə tutulan addımlar da bunun göstəricisidir. “Avropa Komissiyası Viza Liberallaşdırılması üzrə Fəaliyyət Planı təklifini qəbul edib və şərtlər yerinə yetirildikdə və proses başa çatdıqda, bu, Avropa İttifaqı ilə Ermənistanı bir-birinə daha da yaxınlaşdıracaq”, - deyən Kallas bu prosesdən məmnunluğunu gizlətməyib.
Macarıstan Ermənistana hərbi yardımı bloklayır
Lakin Aİ Ermənistana hərbi yardımın artırılmasını gerçəkləşdirə bilmir. Buna səbəb isə Macarıstanın veto hüququndan istifadə etməsidir. İrəvanda olarkən xanım Kallas mətbuat konfransında jurnalistlərə bildirib ki, Macarıstan Ermənistan üçün Avropa Sülh Fondundan əlavə vəsaitin ayrılmasını bloklayır. Onun sözlərinə görə, Avropa İttifaqı 27 suveren dövlətdən ibarətdir, hər bir ölkənin öz mövqeyi var və qərarlar konsensus əsasında qəbul olunur. “Məsələnin həllini tapmağa çalışırıq. Bəli, hələlik qərar yoxdur, amma həll yolu axtarırıq”, - deyə ali nümayəndə ermənilərin “könlünü almağa” çalışıb. Əslində isə, Macarıstan haqlı olaraq belə bir mövqe sərgiləyir. Çünki 30 il ərzində Azərbaycana qarşı işğalçı siyasət həyata keçirmiş Ermənistana hərbi yardım göstərilməsi yolverilməzdir. Əgər belə bir addım atılarsa, bu, gələcəkdə rəsmi İrəvanda müharibə ritorikasını yenidən gücləndirə bilər. Keçmiş təcrübə bunu deməyə əsas verir. Doğrudur, Brüssel bu addımın hansısa “tərəfdaşlıq” mövqeyi ilə izah etməyə çalışsa da, həmin yardımların Azərbaycana qarşı yönəlməyəcəyinə təminat yoxdur.
Əgər həqiqətən də, burada başqa niyyət güdülmürsə, o zaman Aİ tərəflər arasında fərq qoymamalıdır. Macarıstanın da mövqeyi bundan ibarətdir ki, Brüssel Cənubi Qafqaz ölkələrinə münasibətdə balansı gözləməli, Avropa Sülh Fondu çərçivəsində Ermənistanla yanaşı Azərbaycana da vəsait ayırmalıdır. Lakin Brüsselin yalnız Ermənistana yardım göstərmək istəyi qaranlıq mətləblərdən xəbər verir.
Aİ-nin İrəvana 270 milyon avro “hədiyyəsi”
Əslində, Ermənistan hakimiyyəti bir sıra beynəlxalq qurumlardan, o cümlədən Avropa İttifaqından maliyyə dəstəyi almaq üçün müxtəlif variantlara əl atır. Paşinyan hökuməti son vaxtlar regionda baş verən prosesləri bu məqsədi reallaşdırmaq üçün “fürsət” hesab edir. Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra Aİ bu ölkəyə milyonlarla vəsait ayırıb. Bu dəstəyin ardı hələ də gəlməkdədir. K.Kallas İrəvanda səfərdə olarkən Avropa İttifaqının 2028-ci ilədək Ermənistan “iqtisadiyyatının dayanıqlılığını artırmaq üçün” 270 milyon avro ayırmağı planlaşdırdığını bəyan edib: “Avropa İttifaqı 2024-2027-ci illəri əhatə edən dayanıqlılıq və iqtisadi artım proqramı üçün Ermənistana 270 milyon avro ayırır. Bu, biznesə dəstəyi təmin edəcək, Ermənistan və Aİ arasında əlaqələri yaxşılaşdıracaq və islahat aparmaq səylərinə kömək edəcək. Lakin münasibətlərimiz iqtisadiyyatdan kənara çıxır. Biz, həmçinin həssas əhali qruplarına maliyyə, mənzil və psixososial dəstək göstəririk”.
Məlumdur ki, Avropa İttifaqı indiyə qədər də müxtəlif layihələr və proqramlar adı altında Ermənistana maliyyə yardımları edib. Ermənistana milyonlarla avro maliyyə vəsaiti ayrılsa da, ölkədə hökumət tərəfindən sosial və humanitar məsələlərlə bağlı hər hansı bir real layihənin həyata keçirilməsi müşahidə edilməyib. Ən azından əhalinin sosial durumunun ağır olması da bunu təsdiqləyir. Bütün bunlar, bu məsələdə siyasi maraqların olmasını göstərir.
Görünən odur ki, Avropa İttifaqının Ermənistana münasibətdə “səxavət kisəsini” açıq saxlamasında müəyyən maraqlar var. Paşinyan hökuməti bu maliyyədən varlanmağı düşünürsə, Avropa İttifaqı Cənubi Qafqazda möhkəmlənməyə çalışacaq. Bu məqsədə çatmaq üçün Ermənistan onlar üçün poliqon rolunu oynamaqdadır.
Nardar BAYRAMLI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.