İngiltərə millisinin və İtaliyanın “Roma” klubunun hücumçusu Temmi Abraham bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
“Beşiktaş” 27 yaşlı mərkəz hücumçusunu 2025/2026-cı illər mövsümünün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Gələn yay İstanbul klubu bu futbolçunun transfer hüquqlarını almaq istəsə, “Roma”ya təxminən 15 milyon avro ödəməli olacaq.
Xatırladaq ki, Temmi Abraham 2021-ci ilin avqustundan “Roma”da forma geyinirdi. O, “canavarlar”ın heyətində 120 oyuna çıxıb, 37 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.
Abraham ötən mövsümü İtaliyanın digər klubu “Milan”da icarədə keçirib. O, sözügedən klubun forması ilə meydana çıxdığı 44 oyunda 10 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
Temmi “Çelsi”nin yetirməsidir. “Bristol Siti”, “Suonsi Siti”, “Aston Vilal” kimi klublarda da oynamış hücumçu 2017-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasında da 11 matç keçirib, 3 qol vurub, 1 assist edib.
“Transfermarkt” internet-portalı 27 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.