Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən, xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir. Bəs həmin vəsaitlər hansı qaydada vergiyə cəlb olunur?
“vergiler.az”ın sualına "Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə layihə rəhbəri Rafiq Nəcəfli aydınlıq gətirir.
Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən, xüsusi notariuslar fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınırlar. Məcəllənin 99.3.10-cu maddəsinə əsasən, xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdir. Vergi Məcəlləsinin 101.4-cü maddəsinə görə, xüsusi notarius üçün bu Məcəllənin 96.1-ci maddəsinin ikinci bəndi ilə müəyyən edilmiş vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi tutulur və müvafiq gəlir vergisi bəyannaməsi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilir.
Vergi Məcəlləsinin 16.1.11-6.3-cü maddəsinə əsasən, notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsinə görə elektron qaimə-faktura tərtib edilmir və qeyd olunan əməliyyatlar Vergi Məcəlləsinin 164.1.6-cı maddəsinə uyğun olaraq, ƏDV-dən azaddır.
Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən, fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci,144.1.1-ci və 144.1.2-ci və 144.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilməsi, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən xüsusi notariuslar vergi agenti kimi ödəmə mənbəyində sadələşdirilmiş vergini tutmağa borcludurlar.
Məcəllənin 150.3-1-ci maddəsində isə göstərilib ki, notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq, sadələşdirilmiş vergini hesablayaraq 1 əməliyyat günü ərzində dövlət büdcəsinə ödəməyə və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur.
Misal 1: Xüsusi notarius may ayında göstərilən notariat hərəkətlərinə görə 25.000 manat xidmət haqqı əldə edib. Bu zaman Vergi Məcəlləsinin 101.4-cü maddəsində göstərildiyi kimi, hesablanacaq gəlir vergisi belə olacaq:
25.000 x 10% = 2.500 manat.
Misal 2: Xüsusi notarius iyun ayında göstərilən notariat hərəkətlərinə görə 18.000 manat xidmət haqqı əldə edib. Dövr ərzində gəlirin əldə olunması ilə əlaqədar 8.000 manat xərci çıxıb. Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən, vergitutma obyekti xərclər nəzərə alınmadan notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqdır. Buna görə də hesablanacaq gəlir vergisi aşağıdakı kimi olacaq:
18.000 x 10% = 1.800 manat.
Xüsusi notariusların aylıq sosial sığorta haqqlarının məbləği, “Sosial sığorta haqqında” Qanunun 14.5.3-cü maddəsinə əsasən, minimum aylıq əməkhaqqının 10 mislinin 25 faizi miqdarındadır.
Misal 3: Xüsusi notarius iyun ayında göstərilən notariat hərəkətlərinə görə 18.000 manat xidmət haqqı əldə edib. Dövr ərzində gəlirin əldə edilməsi ilə əlaqədar 8.000 manat xərci olub. Bu zaman hesablanmalı sosial sığorta məbləğini tapmaq tələb edilir. Minimum əmək haqqı 2025-ci il üçün 400 AZN olduğu üçün hesablanan sosial sığorta haqqı 1.000 manat olacaq:
(400 x 10) x 25% = 1.000 manat.